
Azərbaycan 10 erməni əsilli hərbçini Ermənistana təhvil verib
Azərbaycan humanizm prinsiplərini əsas tutaraq dekabrın 4-də 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib.
Bu barədə “Poliqon”a Dövlət Təhlükəsizlik Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib.
Təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıblar.
Qeyd olunmalıdır ki, humanizm prinsiplərinə sadiq olan Azərbaycan bir müddət öncə 26 noyabr 2021-ci il tarixində erməni əsilli bir mülki şəxsin və bir hərbi qulluqçunun Ermənistan tərəfinə təhvil verilməsini təmin edib.
Eyni zamanda aparılmış danışıqlar nəticəsində Ermənistan tərəfi Azərbaycanın işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib.
“Mina xəritələrinin əldə olunmasında göstərdiyi vasitəçilik missiyasına görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk”, – deyə məlumatda bildirilib.