Azərbaycan “Cobra II” zirehli maşınları alıb – FOTO

Azərbaycan “Cobra II” zirehli maşınları alıb – FOTO

Azərbaycanın Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunları Türkiyənin “Otokar” şirkətindən “Cobra II” zirehli transportyorları alıb.

“Poliqon” xəbər verir ki, Daxili Qoşunların inventarına yeni qəbul edilən “Cobra II” zirehli transportyorları Prezident İlham Əliyevin Daxili Qoşunların Ağcabədi rayonunda yeni inşa olunan hərbi şəhərciyinin açılışında iştirakı zamanı ilk dəfə nümayiş etdirilib.

Azərbaycanda Daxili Qoşunlar ilə yanaşı Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyi 10 ildən artıqdı ki, “Cobra” zirehli maşınlarının istifadəçiləridir. “Otokar”ın mövcud 4×4 “Cobra” zirehli maşınlarının bazasında hazırladığı və ilk nümunəsi 2013-cü ildə təqdim olunan “Cobra II” daha üstün texniki-taktiki xüsusiyyətləri, daha yüksək səviyyəli qorunma və daşıma qabiliyyəti, eləcə də daxili həcminin böyüklüyü ilə seçilir. Üstün hərəkət qabiliyyətinə əlavə olaraq, komandir və sürücü də daxil olmaqla 10 personalı daşımaq qabiliyyətinə malik olan “Cobra II”, ballistik, mina və əldəqayırma partlayıcı qurğu (ƏPQ) təhdidlərinə qarşı üstün müdafiəsi sayəsində yüksək səviyyədə təhlükəsizlik təmin edir. Ən çətin relyef və iqlim şəraitində yüksək performans təmin edən “Cobra II” istəyə uyğun olaraq amfibiya tipində istehsal olunur və tələb olunan müxtəlif tapşırıqları yerinə yetirir. 2015-ci ildə körfəz ölkələrindən birində isti iqlim və amfibiya testlərinə cəlb olunan maşın minlərlə kilometr yol qət edərək, açıq dənizdə üzmə testlərini uğurla tamamlayıb.

“Cobra II” Türkiyədə və ixrac bazarlarında sərhəd mühafizəsi, daxili təhlükəsizlik və sülhməramlı əməliyyatları da daxil olmaqla bir çox vəzifələri uğurla yerinə yetirir. Nəqliyyat vasitəsi eyni zamanda sahib olduğu modul quruluşu sayəsində personal daşıyıcısı, silah platforması, müşahidə radarı, KBRN (kimyəvi, bioloji, radioloji və nüvə) kəşfiyyat vasitəsi, komanda idarəetmə vasitəsi və təcili yardım kimi xidmət göstərir.

“Cobra II” zirehli maşının uzunluğu 6400 mm, eni 2500 mm, hündürlüyü 2300 mm, klirensi 400 mm, sürəti 110 km/saat, gediş ehtiyatı 700 km təşkil edir. Maşının amfibiya versiyasının isə uzunluğu 6000 mm, eni 2700 mm, hündürlüyü 2300 mm, klirensi 500 millimetrdir. “Cobra II” 400 mm hündürlüyündə dik maneələri, 900 mm enində xəndəkləri və yarğanları dəf edə, 30 dərəcə bucaq altında yana maili, 60 dərəcə bucaq altında yüksəkliyə qalxa bilir. Zirehli maşının üzmə sürəti 8 km/saat təşkil edir. Altı silindirli, 360 at gücündə “Cummins” dizel mühərriklə təchiz olunmuş maşının yanacaq çəni 200 litr tutur. Maşın təkərlərinin təzyiqinin avtomatik tənzimlənməsi sistemi, run-flat təkərlər, avtomatik yanğınsöndürmə, ABC əyləc, mina partlayışının təsirini azaldan oturacaqlarla təchiz edilir.

“Cobra II” transportyorunun şassisi üzərində ASELSAN şirkətinin istehsalı olan 10 km məsafədən insanı təyin edə bilən “Acar” yerüstü müşahidə radarı, uzun mənzilli elektro-optik sensor sistemi və Fransanın “Metravib” şirkətinin istehsalı olan atəş nöqtələrini müəyyənləşdirən “Pilar” sistemi quraşdırıla bilir.

“Cobra II” zirehli yük maşını

İstehsalçı şirkəti tərəfindən son illərdə “Cobra II” zirehli maşının bir neçə fərqli konfiqurasiyası təqdim edilib. “Cobra II” platforması üzərində çətin şəraitlərə və fərqli əməliyyat ehtiyaclarına uyğun hazırlanan “Cobra II” zirehli yük maşını “Cobra II” ilə eyni manevr imkanına sahibdir. Yüksək daşıma qabiliyyəti ilə diqqət çəkən yeni maşın 2,5 ton yük götürə bilir. Bu maşın yük daşınmasından başqa fərqli tapşırıqları da yerinə yetirir. Maşının üzərinə müxtəlif silah sistemlərinin qurulması mümkündür. “Cobra II” zirehli yük maşının heyəti sürücü daxil 2 nəfərdir. Maşının dəmir, dəniz və havayolu kimi alternativ vasitələrlə daşınması mümkündür. Maksimum sürəti 110 km/saat təşkil edən maşının gediş ehtiyatı 700 km-dir. “Cobra II” zirehli yük maşını 5,56 və 7,62 mm-lik silahlar və 120 mm-lik minaatanla təchiz oluna bilir.

“Cobra II” MRAP

“Otokar” mühəndisləri tərəfindən hazırlanmış “Cobra II” zirehli maşın ailəsinin minaya qarşı qorumalı nəqliyyat vasitəsi (MRAP) yüksək riskli ərazilərdə ekipaj üzvlərini ballistik təhdidlərdən qorunmasını təmin edir və üstün manevr qabiliyyəti var. Həmçinin, mina və əldəqayırma partlayıcı qurğulara (ƏPQ) qarşı yüksək mühafizə təmin edir. MRAP çox sayda heyətin daşınması üçün dizayn edilib. “Cobra II” zirehli maşın ailəsi yüksək qoruma və daşıma səviyyəsi və geniş daxili həcmi ilə seçilir. Silah sistemləri və əməliyyat avadanlıqlarının inteqrasiya olunması ilə döyüş maşını müxtəlif konfiqurasiyalarda hazırlana bilər.

“Cobra-II” MRAP-ın digər minaya qarşı qorumalı maşınlarla müqayisədə çəkisi yüngüldür və müstəqil asqı sisteminə sahibdir. Bu isə ona sadəcə düz yollarda deyil, eləcə də çətin ərazilərdə üstün manevr və sürətli hərəkət imkanı verir. “Cobra-II” MRAP-ı analoqlarından fərqləndirən üstün xüsusiyyətlərindən biri də nisbətən daha kiçik siluetə sahib olduğu üçün çətin aşkarlanmasıdır. “Cobra-II” MRAP “Otokar”ın digər zirehli nəqliyyat vasitələri kimi modulyar quruluşa sahibdir. Bunun sayəsində MRAP müxtəlif tapşırıqlara uyğun platforma kimi istifadə oluna bilir və istifadəçiyə döyüş bölgəsində logistik üstünlük verir.

MRAP-ın xüsusi dizaynı, yüksək etibarlığı, təmir rahatlığı və güc paketi ona sahə şəraitində belə bütünlüklə və sürətli yığılmasına/sökülməsinə imkanı verir. Modulyar dizayndan əlavə, sahib olduğu yüksək daşıma tutumu və daxili genişliyi “Cobra-II” MRAP-a fərqli silah sistemlərinin və xidmət avadanlıqlarının inteqrasiyasına şərait yaradır. Müxtəlif tərtib variantlarıyla 11 nəfərə qədər heyət daşıya bilən nəqliyyat vasitəsi, istifadəçinin istəklərinə görə, üç və ya beş qapılı olaraq konfiqurasiya edilə bilər.

 “Cobra II” təcili yardım maşını

İlk dəfə 2020-ci ildə IDEF sərgisində təqdim edilən “Cobra II” təcili yardım maşını mina və ballistik mühafizə altında standart təcili yardım maşını ilə edilə biləcək bütün müdaxilələri yerinə yetirə bilir. “Cobra II” təcili yardım maşının yüngüllüyü sayəsində palçıq kimi müxtəlif səthlərdə belə yüksək performans göstərir və təhlükəli ərazilərdə yaralıların xilasedilməsini təmin edir. Təcili yardım maşını kimi xidmət göstərməsi üçün standart “Cobra II”nin hündürlüyü və eni təcili yardımın vəzifəsinə uyğun olaraq artırılıb və daxili həcmi genişləndirilib. 

“Cobra II” zirehli avtomobilləri hərbi standartlara görə çox güclü və çox məqsədli zirehli nəqliyyat vasitələridir. “Cobra II” zirehli avtomobili bir çox ölkələrin silahlı qüvvələrinin və təhlükəsizlik qüvvələrinin silahlanmasında yer alır.

“Cobra” zirehli trasportyorları 44 günlik Vətən müharibəsində döyüş əməliyyatlarında, müxtəlif ərazi şərtlərində istifadə olunmaqla praktiki sınaqdan keçib və özünün etibarlığını real döyüşlərdə sübuta yetirib. Vətən müharibəsində “Cobra”lar heyəti mina partlayışlarından, qəlpələrdən qoruyaraq yüksək performans nümayiş etdirib.

Rizvan Fikrətoğlu

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş