Azərbaycan HDQ nümayəndə heyəti Pakistanda “POLİQON JURNALI”nın stendini ziyarət edib

Azərbaycan HDQ nümayəndə heyəti Pakistanda “POLİQON JURNALI”nın stendini ziyarət edib

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanının birinci müavini – qərargah rəisi, 1-ci dərəcəli kapitan Teymur Mürşüdovun rəhbərlik etdiyi nümayəndə heyəti PIMEC-2025 Beynəlxalq Dəniz Sərgisi və Konfransı çərçivəsində “POLİQON JURNALI” MMC-nin stendini ziyarət edib.

“Poliqon.az” xəbər verir ki, ziyarət zamanı HDQ-nin nümayəndə heyəti “Poliqon” jurnalının fəaliyyəti ilə maraqlanıb və beynəlxalq sərgidəki nümayişi ilə yaxından tanış olub.

“POLİQON JURNALI” MMC-nin direktoru və eyni adlı jurnalın baş redaktoru Zaur Babaşov qonaqlara məlumat verib ki, Azərbaycandan “Poliqon” media qrupu PIMEC-2025 Beynəlxalq Dəniz Sərgisi və Konfransının rəsmi media partnyoru qismində çıxış edir. “Poliqon” jurnalının 10-dan artıq beynəlxalq müdafiə sənayesi sərgiləri üçün hazırlanan ingilis və rus dillərindəki xüsusi buraxılışlarından ibarət arxiv nəşrləri sərgi iştirakçıları, ziyarətçilər, rəsmi nümayəndə heyətləri və beynəlxalq ekspertlər arasında paylanıb.

HDQ-nin nümayəndə heyəti “Poliqon” jurnalının beynəlxalq platformalarda həyata keçirdiyi media fəaliyyəti, həmçinin müdafiə sənayesi sərgilərində Azərbaycanı təmsil edən layihələr barədə ətraflı məlumat əldə edib. Ziyarət zamanı tərəflər dəniz təhlükəsizliyi, müdafiə sənayesinin inkişafı və Hərbi Dəniz Qüvvələrinin fəaliyyətinin ictimaiyyətə tanıdılması istiqamətində informasiya əməkdaşlığının genişləndirilməsi imkanlarını da müzakirə ediblər.

Sonda HDQ-nin qərargah rəisi, 1-ci dərəcəli kapitan Teymur Mürşüdov “Poliqon” jurnalının Azərbaycan hərbi mediasının inkişafında oynadığı rolu yüksək qiymətləndirib və kollektivə uğurlar arzulayıb.

Qeyd edək ki, PIMEC-2025 Beynəlxalq Dəniz Sərgisi və Konfransı 3–6 noyabr tarixlərində Pakistanın Karaçi şəhərində keçirilib. “POLİQON JURNALI” MMC sərgidə Azərbaycanı stendlə təmsil edən yeganə media qurumu olub.

DSC 7219 DSC 7216 DSC 7218 DSC 7225 DSC 7339

CATEGORIES
TAGS