
Azərbaycan Hərb Tarixi Muzeyinə media-tur təşkil olunub
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Hərb Tarixi Muzeyinə media-tur təşkil edilib.
“Poliqon” xəbər verir ki, media-tur zamanı hərbi qulluqçuların, bir sıra media və Qeyri-Hökumət Təşkilatları (QHT) nümayəndələrinin, həmçinin ekspertlərin iştirak etdiyi tədbir keçirilib.
Əvvəlcə tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi – Mətbuat katibi polkovnik Anar Eyvazov cari il ərzində görülən işlər barədə çıxış edərək qeyd edib: “2025-ci ilin birinci yarısında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq tapşırıqları, eləcə də Müdafiə Nazirliyi rəhbərliyinin əmr, direktiv və sərəncamlarına əsasən Azərbaycan Ordusunda tədbirlər uğurla həyata keçirilib.
Qeyd olunan dövr ərzində Azərbaycan Ordusunda hərbi qulluqçuların bilik, bacarıq və peşəkarlıqlarının artırılması, döyüş hazırlığının daha da yüksəldilməsi məqsədilə plana uyğun məşğələ, təlim və toplanışlar keçirilib. Azərbaycan və müxtəlif dövlətlərin iştirakı ilə ümumilikdə 14 birgə beynəlxalq təlim keçirilib”.
Onun sözlərinə görə, hesabat dövründə, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində ehtiyatdan çağırılan 4600-dən çox hərbi vəzifəli təlim toplanışlarına cəlb edilib.
“Cari ilin birinci yarımili ərzində kadr heyətinin təkmilləşdirilməsi, müxtəlif sahələrdə mütəxəssislərin hazırlıqlarının artırılması, müasir texnoloji yeniliklərin öyrənilməsi, eyni zamanda qarşılıqlı təcrübə mübadiləsi məqsədilə müvafiq şəxsi heyət ölkə daxilində və xaricdə təşkil edilmiş beynəlxalq təlim, seminar, konfrans və kurslara cəlb edilib.
Hesabat dövründə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar minifutbol üzrə yarış keçirilib, həmçinin şəxsi heyət arasında idmana marağın artırılması, fiziki hazırlığı yüksək olan hərbi qulluqçuların stimullaşdırılması məqsədilə “Daşqaldırma”, “Hərbiləşdirilmiş kross” və “Səmti müəyyənetmə” idman növləri üzrə Azərbaycan Ordusu birinciliyi təşkil olunub”, – deyə mətbuat katibi vurğulayıb.
Polkovnik A.Eyvazov bildirib ki, Azərbaycan Ordusunda kibertəhlükəsizlik, dövlət sirrinin qorunması, rəqəmsal savadlılığın artırılması, eləcə də informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə Müdafiə Nazirliyinin baş idarə, idarə və xidmətlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, həmçinin hərbi hissələrdə mütəmadi profilaktik tədbirlər, “Kibergigiyena” mövzusunda seminarlar keçirilib: “Ordu quruculuğu istiqamətində aparılan uğurlu islahatlar nəticəsində cari ilin birinci yarısında hərbi təhsil sahəsində müasir texnoloji yeniliklərin tətbiqi ilə bir çox uğurlu işlər görülüb.
Bundan başqa, azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, yeni yolların çəkilməsi və digər hərbi infrastrukturların yaradılması ilə bağlı mühəndis tədbirləri icra olunub”.
Mətbuat katibi, müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasının tələblərinə uyğun olaraq 2025-ci ilin birinci yarımilində müvafiq fəaliyyətlər icra edildiyini diqqətə çatdırıb: “Belə ki, Müdafiə Nazirliyinin rəsmi veb-saytında ictimaiyyətə dəqiq, dolğun və operativ məlumatların verilməsi məqsədilə qeyd olunan müddət ərzində 300-dən artıq məlumat, keçirilən tədbirlərlə bağlı 1500-dək foto və 130-dan çox video yerləşdirilib. Hesabat dövründə Nazirlik sosial media platformalarında da aktiv fəaliyyət göstərib və Müdafiə Nazirliyinin rəsmi feysbuk səhifəsində 730-dan çox, teleqramda 570-dək, instaqramda 700-dək, “X”-də 420-dən artıq paylaşım edilib.
Cari ilin ilk yarımilində Müdafiə Nazirliyinə media nümayəndələrindən daxil olan sorğular cavablandırılıb. Müvafiq dövrdə mediadan çəkilişlə bağlı daxil olan 130-dan çox müraciət araşdırılıb və çəkilişlərin təşkil edilməsi üçün zəruri köməklik göstərilib, həmçinin 2 mediatur təşkil edilib”.
O diqqətə çatdırıb ki, qeyd olunan müddət ərzində Müdafiə Nazirliyinin rəsmi veb-saytı, elektron poçt ünvanı, fərdi vətəndaş qəbulu və “Qaynar Xətt” üzrə daxil olan ümumilikdə 36000-dən çox vətəndaş müraciəti araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə idarələrə göndərilib.
“Müdafiə Nazirliyi ilə digər dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin səmərəli təşkili məqsədilə 2025-ci il üçün imzalanmış birgə tədbirlər planına əsasən, müxtəlif hərbi hissələrdə hərbi qulluqçularla görüşlər təşkil olunub, onları maraqlandıran suallar cavablandırılıb.
Müdafiə Nazirliyində rəhbəredici sənədlərin tələblərinə uyğun olaraq, müvafiq tədbirlərin planlı şəkildə həyata keçirilməsi davam etdirilir”, – deyə polkovnik Anar Eyvazov qeyd edib.
Tədbirdə “Dövlət qurumları və QHT-lərlə iş”, “Media məkanında dövlət sirrinin mühafizəsi”, “Vətəndaşların müraciətləri ilə iş” və digər mövzularda brifinqlər təqdim edilib.
Ardınca Azərbaycan Ordusunda hərbi təhsil sahəsində görülən işlərdən danışılıb, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələri və qəbul qaydaları ilə bağlı geniş məlumat verilib.
Tədbirdə ətraflı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.
Media-tur çərçivəsində Xüsusi Təyinatlı Qüvvələr (XTQ) mənsubu “Poliqon”a açıqlama verib.
XTQ mənsubu açıqlamasında bildirib ki, Xüsusi Təyinatlı Qüvvələr mənsubu Vətəninə, millətinə, dövlətinə qəlbən, təmənnasız bağlı olan, yüksək vətənpərlik ruhunda təlim və tərbiyə edilən, qarşıya qoyulmuş tapşırığı yüksək dəqiqliklə yerinə yetirən döyüşçüdür: “Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən hər bir hərbi qulluqçu, yəni xüsusi təyinatlı digər qurumların hərbi qulluqçularından ekstremal ərazi və iqlim şəraitində istənilən döyüş tapşırığını uğurla icra edə bilən, döyüşkənliyi, peşəkarlığı, savadı, əzmkarlığı ilə fərqlənən, istər döyüş meydanında, istərsə də adi həyatda öz döyüş yoldaşlarına sadiq olan bir döyüşçüdür”.
Daha sonra hərbi qulluqçu Xüsusi Təyinatlı Qüvvələrin yaranma zəruriliyindən və tarixindən danışıb: “Ümummilli Liderimiz Heydər Əliyev peşəkar ordunun yaradılmasının zəruriliyini çox böyük uzaqgörənliklə başa düşdüyünə görə 1999-cu ildə Xüsusi Təyinatlı Qüvvələrin yaradılması haqqında sərəncam imzalayıb. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək üçün tələblərə cavab verən hərbi qulluqçular könüllülük əsasında seçilir. Xüsusi Təyinatlı Qüvvələr mənsubları digər hərbi birliklərdən fərqli olaraq müxtəlif ekstremal şəraitlərdə xüsusi əməliyyatlar keçirmək vərdişlərinə yiyələnirlər. Burada xidmət etmək savad, yüksək fiziki və psixoloji dözümlülük, çeviklikvə cəsarət tələb edir”.
Onun sözlərinə görə, xüsusi təyinatlılar istənilən relyef və hava şəraitində, ölkənin istənilən nöqtəsində verilmiş tapşırığı yerinə yetirə bilən mobil və çevik bölmələrin hərbi qulluqçularıdırlar. Onlar döyüşdə öz çeviklikləri, gizli fəaliyyət göstərmələri, peşəkarlıqları və qorxmazlıqları ilə seçilirlər. Onların açdığı hər bir atəş məhv edilmiş bir düşmən əsgəri deməkdir. Xüsusi təyinatlıların devizi görünmədən görmək, ölmədən öldürməkdir. Onlar düşmənin gözləmədiyi yerdə peyda olur, qəfil və sarsıdıcı zərbə vurur və görünmədən də yox olurlar. Heç bir düşmən əsgəri azərbaycan xüsusi təyinatlısı ilə qarşılaşmağı arzulamır. Çünki düşmən üçün bu qarşılaşmanın ölümlə nəticələnməsi labüddür. Xüsusi təyinatlılar həm silahla, həm də silahsız döyüşməyi bacaran, müxtəlif çətin vəziyyətlərdə ani qərar verə bilən, hətta tək qaldığı təqdirdə belə, müstəqil fəaliyyət göstərib düşmənə qalib gələ bilən döyüşçülərdir.
“Xüsusi Təyinatlı Qüvvələr bu gün nəinki Azərbaycanda, hətta bütün dünyada peşəkarlığı və döyüşkənliyi ilə seçilir. Biz Xüsusi Təyinatlılar ailəsi olaraq Vətənimizə, millətimizə, dövlətimizə qəlbən bağlı, daim sədaqətli olacağımıza and içmişik. Bizi bütün çətinliklərə sinə gərərək zəfərdən zəfərə aparan da budur.
Bu gün Xüsusi Təyinatlı Qüvvələr şərəf borclarını çox böyük peşəkarlıqla yerinə yetirirlər. Bəli bu reallıqdır ki, yarandığı gündən Xüsusi Təyinatlı Qüvvələr yüzlərlə döyüş əməliyyatları icra ediblər və hər bir icra olunan əməliyyat da zəfərlə başa çatıb. Bu əməliyyatların zəfərlə başa çatması Xüsusi Təyinatlı Qüvvələr mənsublarının peşəkar, çevik, cəsarətli və yüksək psixoloji hazırlığa malik olmalarıdır. Digər tərəfdən isə öndə XTQ komandanı olmaqla bizləri hazırlayaraq peşəkar səviyyəyə gətirib çıxaran komandir və rəis heyətinin yorulmadan sərf etdikləri əməklərinin nəticəsidir”, – deyə XTQ mənsubu qeyd edib.
O həmçinin vurğulayıb ki, xüsusi təyinatlılar həm fiziki, həm də mənəvi-psixoloji cəhətdən tam hazırlıqlı olmalıdırlar: “Bunun üçün davamlı fiziki hazırlıq məşqləri və mənəvi-psixoloji hazırlığın, döyüş ruhunun yüksəldilməsi, daim yüksək səviyyədə saxlanılması üçün lazımi hazırlıqları keçmək lazımdır. Bildiyiniz kimi, Xüsusi Təyinatlı Qüvvələrdə bu istiqamətdə kifayət qədər kurslar, dərslər və hazırlıqlar planlaşdırılıb keçirilir. Bizim bu gün belə yüksək səviyyədə hazırlanmağımızdailk növbədə dövlətimizin ordumuza göstərdiyi diqqət və qayğı, daha sonra isə komandirlərimizin zəhməti böyük rol oynamışdır. Ona görə də bu işdə əvəzsiz əməyi olan komandanlığımıza, bütün komandir və rəis heyətinə öz təşəkkürümüzü bildiririk”.
Hərbi qulluqçu 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan qələbədən söz açıb.
“Vətən müharibəsində Azərbaycanın bir çox qəhrəman oğulları şəhid və qazi oldu, itkilər verdik, çətin döyüşlərdən və sınaqlardan çıxdıq. Lakin bütün bunlarla yanaşı, Vətən müharibəsində qazanılmış qələbəmiz Azərbaycan xalqının tarixinə qəhrəmanlıq salnaməsi kimi qeyd olundu. Bu döyüşlərdə XTQ mənsubları misilsiz qəhrəmanlıq nümunələri göstərməklə yanaşı, həm də Azərbaycan xalqının döyüşçü ruhunun əsrlər boyu nəinki öldüyünü, əksinə nəsildən nəsilə ötürülərək yaşadığını bir daha bütün dünyaya sübut etdilər. Tarixən alınmaz qala hesab olunan, bir çox dahi sərkərdələrin fəth ede bilmədikləri Şuşa şəhərinin xüsusi təyinatlılarımız tərəfindən bir gecədə düşməndən azad edilməsi bütün bu deyilənlərə bariz nümunədir.
Təbii ki, döyüşdə çətinlik olmalıdır. Baxmayaraq ki, biz bu döyüşlərə həmişə hazırıq. Uzunmüddətli təlimlər, keçirilən dərs və məşğələlər, hazırlıqlar xüsusi təyinatlılarının gələcək döyüşlərdə peşəkar kimi fəaliyyət göstərməsinə zəmin yaradır, amma real döyüşlə təlimlərin arasında böyük fərq olur. Həm də nəzərə alsaq ki, xüsusi təyinatlıların yerinə yetirdikləri döyüş tapşırıqları düşmən arxasında icra olunur və onlar digər qoşunlardan xeyli öndə fəaliyyət göstərirlər, həmişə özlərindən sayca xeyli çox olan düşmən qüvvələri ilə döyüşə girirlər, bu döyüşlərin nə qədər çətin olduğunu təsəvvür etmək çətin deyildir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan xüsusi təyinatlıları bu döyüşlərdə onlara göstərilən etimadı doğrultdular və demək olar ki, bütün döyüşlərdə düşmənə sarsıdıcı zərbələr vuraraq qalib gəldilər. Hətta bəzən ardıcıl baş verən döyüşlərdə bir iki qələbədən sonra düşmən qüvvələri xüsusi təyinatlıların hücum etdiyini biləndə döyüşsüz təslim olur və ya döyüş sahəsində hər bir şeylərini atıb qaçırdılar. Bu da Azərbaycan xüsusi təyinatlılarının düşməndə yaratdığı qorxunun məntiqi nəticəsi idi”, – deyə XTQ mənsubu bildirib.
O qeyd edib ki, xüsusi təyinatlılara verilən tapşırıqlar həmişə ən çətin, icrası digər qoşun növləri tərəfindən mümkün olmayan tapşırıqlar olur. Bu tapşırıqların bir xüsusiyyəti də çətin keçilən, ekstremal relyef və iqlim şəraitlərində yerinə yetirilməsidir.
Hərbi qulluqçu Vətən müharibəsində də xüsusi təyinatlılar tərəfindən aparılan döyüş əməliyyatlarının, verilmiş tapşırıqların bu qəbildən olduğunu söyləyib: “Bizlər həmişə düşmənin dərinliklərinə gizlicə sızaraq düşmənə qəfil zərbələr vurur, onun əsas qüvvələrinin cəmləşdiyi yerləri dağıdır, hakim yüksəklikləri, düşmən mövqe və qərargahlarını ələ keçirərək əsas qoşunlarımızın irəliləməsinə şərait yaradırdıq. Xüsusi Təyinatlı Qüvvələr mənsubları müharibə müddətində onlara verilmiş bütün döyüş tapşırıqlarını uğurla yerinə yetirərək düşmənin 27 ildən artıq bir müddətdə işğal altında saxladığı torpaqlara ilk ayaq basanlar oldular. İstər düşmən mövqelərinin dağıdılması, istər hakim və strateji əhəmiyyətli yüksəkliklərin ələ keçirilməsi, istərsə də yaşayış məntəqələrinin düşməndən azad edilməsi və təmizlənməsində ilk olaraq xüsusi təyinatlılar iştirak etdilər və yalnız onlardan sonra piyada birlikləri həmin ərazilərə daxil oldular ki, bu da xüsusi təyinatlıların yüksək döyüş hazırlığının göstəriciləridir”.