Azərbaycan HÜRKUŞ təyyarələri ala bilər

Azərbaycan HÜRKUŞ təyyarələri ala bilər

Azərbaycan Silahlı Qüvvələri Türkiyənin TUSAŞ (Türk Havacılık ve Uzay Sanayii) şirkətidən HÜRKUŞ təlim təyyarələri ala bilər.

“Poliqon” xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir deyib.

SSB başqanı bildirib ki, Azərbaycan Türkiyədən bütün növ silahlar, o cümlədən HÜRKUŞ təlim təyyarələri ala bilər.

Bundan əvvəl, HAVELSAN müəssisəsində keçirilən mətbuat konfransında 2022-ci il üçün müdafiə sənayesi sektorunun hədəflərini açıqlayan SSB başqanı İsmail Dəmir cari ildə HÜRKUŞ yeni nəsil təlim təyyarəsinin sifarişçiyə çatdırılacağını bildirib.

TUSAŞ şirkəti tərəfindən hazırlanan tandem oturacaqlı, alçaq qanadlı, tək mühərrikli HÜRKUŞ turbovintli təlim təyyarəsi əsas təlim və döyüş təyyarəsinə çevrilmə arasındakı bütün təlim səviyyələrində istifadə edilmək və çətin əməliyyatlarda yaxın hava dəstəyi vəzifələrini yerinə yetirmək üzərə, yeni nəsil qabaqcıl təlim və yüngül hücum təyyarəsi olaraq üstün performans təmin etməsi məqsədilə dizayn edilib.

Digər variantları ilə yanaşı, TUSAŞ tərəfindən dizayn edilən, yerli və milli imkanlar ilə istehsal edilən HÜRKUŞ Hava Yer İnteqrasiya Təyyarəsi (Hava Yer Entegrasyon Uçağı – HYEU) Hərbi Hava Qüvvələrinin təlim fəaliyyətlərində istifadə edilmək üçün nəzərdə tutulub. HÜRKUŞ HYEU ilə İrəli Hava Nəzarətçisi, İrəli Döyüş Nəzarətçisi və Müştərək Atəş Dəstəyi komandası təlimləri verilə bilir. HÜRKUŞ HYEU ucuz istifadə dəyəri və qabaqcıl avionika sistemləri ilə önəmli avantajlar təmin edir.

HÜRKUŞ-un mövcud qabaqcıl xüsusiyyətlərinə əlavə olaraq, HÜRKUŞ HYEU ilə elektro-optik / infraqırmızı (EO/IR) kamera, lazerlə idarə olunan və idarə olunmayan təlim sursatları ilə yanaşı avtopilot inteqrasiyaları da tədricən həyata keçirilə bilər. Digər tərəfdən, 1600 at gücündə turbovintli mühərrikə də sahib olan HÜRKUŞ HYEU, akrobatik və çevik bir təyyarə olaraq da tanınır.

2021-ci ildə “Anadolu Ankası-21” beynəlxalq təlimində debüt edən HÜRKUŞ HYEU təyyarəsi nəfəs kəsən akrobatik hərəkətləri ilə mütəxəssislərdən tam qiymət almışdı. İlk uçuşunu 2013-cü il avqust ayının 29-da edən HÜRKUŞ-un cəmi 760 uçuş sayı, 650 uçuş saatı olub.

Xatırladaq ki, 2021-ci ildə TUSAŞ şirkətinin istehsalı olan iki ədəd HÜRKUŞ təlim təyyarəsi nümayiş məqsədilə Bakıya gətirilib. Dekabrın 3-də Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə HÜRKUŞ hərbi təyyarələrinin nümayiş uçuşları icra olunub.

Tədbirdə Azərbaycanın Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, hərbi attaşe general-mayor Zekeriya Yalçın və başqaları iştirak ediblər. HÜRKUŞ təlim təyyarəsinin taktiki-texniki xüsusiyyətləri və iş prinsipi barədə brifinq təqdim olunub.

Poliqon.az

CATEGORIES
TAGS