Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlıq müzakirə edilib – VİDEO
İyunun 10-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri İrakli Çikovani ilə görüşüb.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyində keçirilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra Azərbaycan və Gürcüstan respublikalarının Dövlət himnləri səsləndirilib, protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Nümayəndə heyətini salamlayaraq onları ölkəmizdə görməkdən məmnunluğunu bildirən general-polkovnik Z.Həsənov xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu qeyd edib. Müdafiə naziri hər iki ölkə başçısının səmimi münasibətlərinin birgə əməkdaşlığa müsbət təsirini xüsusi vurğulayıb.
Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə görülən işlərdən danışan nazir ölkəmizin 12 faizindən artıq ərazisinin minalarla əhatə olunduğunu bildirib. Qeyd edilib ki, minaların partlaması nəticəsində 361 nəfər mülki şəxs və hərbi qulluqçumuz xəsarət alıb, onlardan 68 nəfəri isə həlak olub.
General-polkovnik Z.Həsənov Gürcüstanla strateji tərəfdaşlıq zəminində qurulan əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. Ölkələrimiz arasında 2024-cü il ərzində hərbi sahədə ümumilikdə 21 birgə tədbirin keçirilməsinin planlaşdırıldığını qeyd edib.
Müdafiə naziri gürcüstanlı həmkarını cari ilin sentyabr ayında Bakıda keçiriləcək “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.
Azərbaycana müdafiə naziri və baş nazirin müavini kimi ilk səfərindən məmnunluğunu bildirən İ.Çikovani öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycan-Gürcüstan arasında mövcud münasibətlərin inkişafı və əlaqələrin genişləndirilməsində bu cür görüşlərin keçirilməsinin vacibliyini qeyd edib.
Gürcüstan müdafiə naziri Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinin Gürcüstan üçün də çox mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Görüşdə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi vurğulanıb. Qeyd edilib ki, üçtərəfli formatda keçirilən Eternity kompüter dəstəkli komanda-qərargah və Qafqaz Qartalı təlimləri hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin artırılması ilə yanaşı, onlar arasında dostluq münasibətlərinin inkişafına töhfə verir, eyni zamanda qarşılıqlı təcrübə mübadiləsinə imkan yaradır.
Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığın regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcəyinə əminlik ifadə olunub.
Müdafiə nazirlərinin görüşündə, həmçinin hərbi və hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətraflı müzakirə edilib.