Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub – VİDEO
Bakı Ekspo Mərkəzində keçirilən ADEX 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir.
Müdafiə Nazirliyindən “Poliqon”a bildirilib ki, sentyabrın 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov sərgidə iştirak məqsədi ilə ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu xüsusi qeyd olunub, müdafiə sahəsində əməkdaşlığın hər iki ordunun daha da güclənməsinə xidmət etdiyi vurğulanıb.
Bakı Ekspo Mərkəzində keçirilən görüşdə Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonda Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı və Milli Müdafiə universitetləri arasında Memorandum imzalanıb.