
Azərbaycan ilə Türkiyə “Qardaş briqada” layihəsinə başlayıb
Türkiyə Azərbaycan Ordusuna dəstək vermək məqsədilə, Ermənistan işğalından azad edilmiş ərazilərdə minaların təmizlənməsi və məhv edilməsi fəaliyyətlərini davam etdirir.
“Poliqon”un məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuata açıqlamasında bildirilib.
“Türkiyə Silahlı Qüvvələri, qardaş ölkə Azəbaycanla həyata keçirilən hərbi və əməkdaşlıq müqavilələri çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi və təlim fəaliyyətlərinə dəstək verməyə davam edir.
Bu çərçivədə Türkiyə və Azərbaycan arasında birgə fəaliyyəti təmin etmək, təlim planlanması, idarəedilməsi və icra prinsiplərinin uyğunlaşdırılması istiqamətində “Qardaş briqada” layihəsinə başlanılıb”, – deyə Türkiyə Milli Müdafiə Nazirliyi bəyan edilib.
Bildirilib ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə birlikdə Türkiyə Silahlı Qüvvələrinin daxilində birgə təlimlər və tədris fəaliyyətləri davam etdirilir.
““İki dövlət, bir millət” anlayışı ilə kədərdə və sevincdə bir yerdə olduğumuz azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində bundan sonra da bütün imkanlarımızla yanlarında olmağa davam edəcəyik”, – deyə məlumatda vurğulanıb.