Azərbaycan inkişaf etmiş ölkələrin silahli qüvvələrində istifadə edilən müasir peyk müşahidə texnologiyalarından yararlanır

Azərbaycan inkişaf etmiş ölkələrin silahli qüvvələrində istifadə edilən müasir peyk müşahidə texnologiyalarından yararlanır

İlk telekommunikasiya peykimiz “Azerspace-1” bu gün Azərbaycan üzərində ən güclü siqnala malik peyklərdəndir.

Bunu Azərkosmosun İdarə Heyətinin sədr müavini Dunay Bədirxanov POLİQON jurnalına müsahibəsində deyib.

Sədr müavini bildirib ki, “Azerspace-1” peyki telekommunikasiya sahəsində digər ölkələrdən asılılığının aradan qaldırılması, yerüstü infrastrukturdan asılı olmadan informasiya təhlükəsizliyinin təmin edilməsi kimi üstünlükləri təmin edir. Yerüstü kabel şəbəkəsinin mövcud olmadığı ərazilərdə, məsələn, Xəzər dənizində üzən Azərbaycan gəmilərində və neft platformalarında peyk rabitəsi və internet xidməti “Azerspace-1” vasitəsilə təmin edilir.

“Fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdıran “Azersky” peykimiz də milli təhlükəsizlik kimi mühüm sahədə önəmli rol oynamışdır. Cənab Prezidentin də dediyi kimi, “Həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə peyklərdən istifadə bizə çox böyük üstünlük təmin etdi”.

2020-ci ilə qədər işğal altında olan torpaqlarımızda qeyri-qanuni fəaliyyətlər barədə daimi məlumatlar əldə edilir və qiymətləndirilirdi. Qanunsuz birləşmələrin dislokasiyaları, faydalı qazıntı ərazilərinin, meşə, əkin, otlaq və su resurslarımızın istismarı, qanunsuz məskunlaşmaların müəyyən edilməsi və sübut edici məlumat mənbəyi  kimi peyk təsvirlərinin əvəzsiz rolu vardır.

Torpaqların eroziyasına səbəb olan qazıntı işləri və qəsdən törədilən yanğınların monitorinqi və qiymətləndirilməsi də bununla mümkün olmuşdur. Həmçinin yaşayış məntəqələri üzrə dağıdılmış bütün evlər təsbit edilmişdir”, – deyə D.Bədirxanov vurğulayıb.

D.Bədirxanov əsasən inkişaf etmiş ölkələrin silahli qüvvələrində istifadə edilən müasir peyk müşahidə texnologiyalarından ölkəmizin istifadə edə bilməsi müdafiə gücü baxımından Azərbaycanın keyfiyyətcə üstünlük qazanmasına və regionun ən güclü dövlətinə çevrilməsinə xidmət etdiyini söyləyib. Onun sözlərinə görə, “Azersky” peyki nəinki 44 günlük Vətən müharibəsində Milli Ordumuza dəstək olmuş, həmçinin müharibədən sonrakı dövrdə də, azad olunmuş ərazilərimizin iqtisadi potensialının müəyyənləşdirilməsində geniş istifadə olunmuşdur.

“Azad edilmiş ərazilərin peyklə çəkilmiş şəkilləri onların bərpası ilə bağlı işləri xeyli sürətləndirməyə imkan verdi. Məsələn, mütəxəssislər peyk təsvirləri ilə məkanın detallı təhlili zamanı birbaşa ərazidə olmadan kənd təsərrüfatı potensialının qiymətləndirilməsi, kənd təsərrüfatı üçün yararlı olan və potensial ərazilərin əkinə cəlb edilməsi üçün peyk təsvirlərindən istifadə etmişlər. Həmçinin su resurslarının və potensial otlaq və örüş ərazilərinin qiymətləndirilməsi icra edilmişdir”, – deyə Azərkosmosun İdarə Heyətinin sədr müavini bildirib.

CATEGORIES
TAGS