Azərbaycan İtaliyadan C-27J “Spartan” hərbi nəqliyyat təyyarələri alır
Azərbaycanın Müdafiə Nazirliyi İtaliyanın “Leonardo” şirkətindən C-27J “Spartan” hərbi nəqliyyat təyyarələri alır.
“Poliqon” “Leonardo”ya istinadən xəbər verir ki, bunun üçün tərəflər arasında müqavilə imzalanıb.
Şirkətin bildirdiyinə görə, Azərbaycan nümayəndə heyəti iki ölkənin müdafiə nazirlərinin nümayəndələrinin iştirakı ilə müqavilənin imzalanması üçün İtaliyada olub.
Qeyd edilib ki, İtaliya və Azərbaycan arasında kommersiya əməkdaşlığı C-27J “Spartan”ın tədarükünə dair müqavilənin imzalanması ilə gücləndirilib: “İlkin olaraq enerji sektorları ilə əlaqəli olan İtaliya və Azərbaycan arasındakı əməkdaşlıq İtaliya Müdafiə Nazirliyinin işçi qrupunun verdiyi dəyərli töhfə sayəsində indi müdafiə sənayesi məhsullarının tədarükü ilə da genişlənir.
Ən çətin əməliyyat ssenarilərində uzun illər sübut edilmiş təcrübəyə malik olan “Leonardo” şirkətindən C-27J-nin alınması üzrə proqram İtaliya və Azərbaycanın Müdafiə Nazirlikləri arasında keçirilən texniki müzakirələrin nəticəsidir. Müqavilə İtaliya sənayesinin məhsullarına daha çox diqqət yetirən Azərbaycan Silahlı Qüvvələrinin geniş modernləşdirilməsi proqramının tərkib hissəsidir”.
İtaliyanın “Leonardo-Finmeccanica” şirkəti tərəfindən “Aeritalia” G.222 təyyarəsi əsasında hazırlanan C-27J “Spartan” hərbi nəqliyyat təyyarəsi orta ağırlıqdakı yüklərin daşınması üçün nəzərdə tutulub.
C-27J iki ədəd “Rolls Royce” istehsalı AE2100-D2A mühərriki ilə təchiz edilib ki, bu da ona maksimum 602 km/saat sürətlə uçmaq imkanı verir. Maksimum uçuş tavanı 9144 metr, uçuş ağırlığı 31 ton, yük götürmə qabiliyyəti 11 ton olan təyyarə 46-60 personalı daşımaq qabiliyyətinə malikdir.
Çoxməqsədli nəqliyyat təyyarəsi olan C-27J “Spartan”ın “Dəniz Patrulu”, ASW (Anti-Submarine Warfare), C3ISR (Command-Control-Communications, Intelligence, Surveillance and Reconnaissance), habelə MC-27J “Multi-mission Aircraft” variantları mövcuddur.
Hazırda hərbi təyinatlı yüklərin və personalın daşınması üçün şirkət tərəfindən müştərilərə təyyarənin C-27J “Next Generation” adlı versiyası təklif olunur.
Xatırladaq ki, Azərbaycanın artıq bir müddətdir İtaliya istehsalı olan C-27J “Spartan” hərbi nəqliyyat təyyarəsinə ciddi maraq göstərirdiyini qeyd etmişdik.