
Sentyabrın 30-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Bakı Ekspo Mərkəzində keçirilən ADEX-2026 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün arasında görüş keçirilib.
“Poliqon” xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf etdirildiyi, mövcud olan strateji müttəfiqliyin və müdafiə sahəsində əməkdaşlığın regional təhlükəsizliyə, dayanıqlı sülhə və sabitliyə dəstək məqsədi daşıdığı xüsusi qeyd edilib.
General-polkovnik Zakir Həsənov və Haluk Görgün müdafiə sahəsində birgə layihələrin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıb.
Cənab Haluk Görgün qardaş Azərbaycanla hərbi və hərbi-texniki əməkdaşlıq sahələrində əlaqələrin müsbət dinamikasından məmnun olduğunu bildirib.
Beynəlxalq sərgi çərçivəsində Türkiyənin “ASELSAN”, “Baykar”, ROKETSAN və TUSAŞ hərbi-sənaye şirkətlərinə məxsus stendlərə baxış keçirilib, nümayiş etdirilən silah, texnika, aviasiya və uçuş vasitələri haqqında Azərbaycan nümayəndə heyətinə ətraflı məlumat verilib.





