Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Qazaxıstanda səfərdə olub
Azərbaycan Müdafiə Nazirliyi Hərbi Polis İdarəsinin rəis müavini polkovnik Mirhəmid Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdə olub.
Bu barədə “Poliqon” Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.
Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Akmola vilayət qarnizonunun hərbi polis idarəsinin şəxsi heyətinin gündəlik fəaliyyəti ilə tanış olub. Nümayəndə heyətinə Qazaxıstan hüquq-mühafizə orqanlarının silah və hərbi texnikası nümayiş etdirilib.
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri Hərbi Polis Mütəxəssislərinin Hazırlıq Mərkəzinə baş çəkib, buradakı maddi-texniki təchizat və təlim proqramı ilə tanış olublar.
Hərbi polis əməkdaşları hərbi xidmətin təhlükəsizliyi, profilaktik tədbirlər və qoşun xidmətinin təşkili ilə bağlı təcrübə mübadiləsi aparıblar. Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq potensialını müzakirə ediblər.