Azərbaycan növbəti optik müşahidə peykini 2026-cı ildə orbitə buraxacaq
Azərbaycan növbəti optik müşahidə peykini 2026-cı ildə orbitə buraxacaq.
“Poliqon” xəbər verir, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
“Növbəti optik müşahidə peykini 2026-cı ildə orbitə buraxmağı düşünürük”, – deyə “Azərkosmos”un sədri bildirib.
Xatırladaq ki, ötən il Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində “Azərkosmos” və “Israel Aerospace Industries” (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.
“Azersky-2” proqramı ölkədə Yer səthinin müşahidəsi sektorunda davamlılığı təmin etməklə yanaşı biznes baxımından da yeni səhifə açacaq, o cümlədən ölkəmizdə kosmik ekosistemin daha da inkışafına xidmət edəcəkdir.
Müqaviləyə əsasən “Azersky-2” proqramı çərçivəsində iki peyk hazırlanacaq. Bunlar yüksək ayırdetməli elektro-optik sensora malik müşahidə peykləri olacaq. Peyk qruplaşmasının ilk peykinin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınağı Azərbaycanlı mütəxəssislərin iştirakı ilə IAI tərəfindən aparılacaq.
İsrailli mütəxəssislər həmçinin, Azərbaycanda qurulacaq “Peyklərin inkişafı mərkəzi”nin layihələndirilməsində də “Azərkosmos”a dəstək verəcək. Azərbaycanlı mütəxəssislərin əldə etdiyi təcrübə isə ikinci peykin Azərbaycanda hazırlanmasına imkan verəcək.