Azərbaycan OIC-CERT İdarə Heyətinin növbəti dövr üçün üzvü seçilib

Azərbaycan OIC-CERT İdarə Heyətinin növbəti dövr üçün üzvü seçilib

Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT.gov.az) İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (OIC-CERT) 11-ci ümumi iclasında İdarə Heyətinə keçirilən seçkilərdə iştirak edib.

XRİTDX-nin məbuat mərkəzindən “Poliqon”a bildirilib ki, iclas Oman Sultanlığının Maskat şəhərində keçirilib.

Seçkilərin nəticələrinə əsasən, XRİTDX-nin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT.gov.az) növbəti dəfə 4 il müddətinə İdarə Heyətinin üzvü seçilib.

Ümumi iclasda 2023-2024-cü illər üzrə fəaliyyət planına uyğun olaraq Katiblik və İdarə Heyətinin üzv dövlətləri tərəfindən görülən işlərin hesabatları dinlənilib, gündəmdə olan məsələlər müzakirə olunub, həmçinin yeni üzvlər elan edilib. XRİTDX-nin nümayəndəsi Murad Balayev Azərbaycanın rəhbərlik etdiyi 4-cü strateji istiqamət olan “Texnika və texnologiya” sahəsi üzrə Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (CERT.gov.az) həyata keçirdiyi işlər barədə ətraflı məlumat verib.

İclasda Azərbaycanda keçirilmiş Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransdan bəhs olunub, regionda ilk dəfə keçirilmiş bu cür nüfuzlu beynəlxalq tədbirə Azərbaycanın ev sahibliyi etməsi İdarə Heyəti tərəfindən yüksək qiymətləndirilib. Kiberdiplomatiyanın informasiya təhlükəsizliyindəki rolu baxımından bu cür tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyi və təşkilatın beynəlxalq əməkdaşlıq istiqamətindəki fəaliyyətlərində bu sahənin xüsusi yer alacağı vurğulanıb.

Məlumat üçün qeyd edək ki, OIC-CERT qlobal kiberməkanın təhlükəsizliyini təmin etmək və İslam ölkələri CERT mərkəzlərinin beynəlxalq səviyyədə kibertəhlükəsizlik imkanlarını inkişaf etdirmək məqsədilə yaradılıb. Təşkilata 29 ölkədən 66 üzv daxildir. XRİTDX təşkilatın tamhüquqlu üzvü olaraq İdarə Heyətində ölkəmizi 8 ildir uğurla təmsil edir.

CATEGORIES