Azərbaycan Ordusu düşmənin 53 döyüş mövqeyini və 8 strateji əhəmiyyətli yüksəkliyi nəzarətə götürüb

Azərbaycan Ordusu düşmənin 53 döyüş mövqeyini və 8 strateji əhəmiyyətli yüksəkliyi nəzarətə götürüb

Xəbər verildiyi kimi sentyabrın 12-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi cavab tədbirləri nəticəsində Ermənistan ordusunun təxribatının qarşısı alınıb. Azərbaycan ordusu bir sıra strateji əhəmiyyətli yüksəklikləri nəzarətə götürüb.

“Poliqon”un məlumatına görə, Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyat çərçivəsində Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olan Gorus rayonu və Novruzlu (Kəhnut) yaşayış məntəqəsi istiqamətlərində 2 ədəd S-300 zenit-raket sisteminin (ZRS) 5N63 İYR radarı, 3 ədəd S-300 ZRS-nin 5P85 buraxıcı qurğusu məhv edilib.

Habelə, Basarkeçər rayonu və Aşağı Qaranlıq (Martuni) qəsəbəsi istiqamətlərində 2 ədəd S-125 zenit-raket kompleksinin (ZRK) RTS-125 radarı sıradan çıxarılıb. Bununla yanaşı, düşmənin xeyli canlı qüvvəsi də məhv edilib. Bu istiqamətdə düşmənin hava hücumundan müdafiə sistemi darmadağın edilib.

Düşmənə məxsus 1 ədəd “Jitel” radioelektron mübarizə sistemi, 14 ədəd top və haubitsa, 9 ədəd minaatan, habelə 6-sı sursatla dolu olmaqla 32 ədəd hərbi texnika məhv edilib.

Ermənistan Silahlı Qüvvələrinə məxsus biri döyüş sursatı ilə dolu olmaqla 3 ədəd KAMAZ nəqliyyat vasitəsi, 1 ədəd “Ural” markalı avtomobil, 1 ədəd UAZ-3962 maşını və 3 ədəd mühəndis texnikası, o cümlədən 3 ədəd minaatan və 1 ədəd “İqla-S” daşınan zenit-raket kompleksi, 135 ədəd müxtəlif avtomatlar, pulemyotlar, qumbaraatanlar, 20 qutu əl qumbarası, 2 optik cihaz, 2 rabitə vasitəsi və 14500-dən çox döyüş sursatı qənimət olaraq ələ keçirilib.

Düşmənin ümumilikdə 53 döyüş mövqeyi, o cümlədən minaatanlardan atəş üçün istifadə edilən 2 mövqe və 8 strateji əhəmiyyətli yüksəklik nəzarətə götürülüb.

Zod istiqamətində dislokasiya olunmuş 538-ci əlahiddə dağ-atıcı briqadasının daimi dislokasiya məntəqəsi, həmçinin 2 divizion S-300 və 2 divizion S-125 start mövqeləri məhv edilib.

Poliqon.az

CATEGORIES
TAGS