Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Avqustun 20-si saat 23:55-dən avqustun 21-i saat 06:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu, Çəmbərək rayonunun Cil, Gorus rayonunun Brun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd və Novoivanovka, Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan bütün istiqamətlərdə cavab tədbirləri görülüb.

Bundan başqa, avqustun 21-i saat 06:20-dən 08:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Tərtər, Ağdam, Füzuli və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Habelə, avqustun 21-i saat 10:25-dən 10:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

CATEGORIES