
Azərbaycan Pakistandan 40 ədəd JF-17 qırıcısı alır – İDDİA
Azərbaycan Pakistandan 16 ədəd JF-17 “Thunder” döyüş təyyarəsi alınması ilə bağlı sifarişini 40 ədədə qədər artırıb.
“Poliqon” xarici KİV-lərə istinadən xəbər verir ki, bu sifarişin dəyəri təxminən 4.2 milyard ABŞ dolları səviyyəsindədir.
Yerli və xarici KİV-lərdə yayılan bu iddialara baxmayaraq, nə Azərbaycan, nə Pakistan, nə də Çin tərəfi sözügedən genişləndirilmiş sifarişi rəsmi olaraq təsdiqləməyiblər.
Əgər 40 ədəd JF-17-nin satışı ilə bağlı məlumat təsdiq olunarsa, bu müqavilə Pakistanın aviasiya sənayesi üçün tarixi bir nailiyyət olacaq və ölkənin daxili müdafiə istehsalçısından beynəlxalq miqyasda rəqabətə davamlı silah ixracatçısına çevrilməsini simvolizə edəcək.
Eyni zamanda, Azərbaycan doğrudan da JF-17 sifarişini 40 ədədə qədər artırsa, bu, “Thunder” seriyasının ən böyük xarici sifarişi olacaq və Pakistanda ən böyük döyüş təyyarəsi ixracatı kimi tarixə düşəcək. Bu da Nigeriya və Myanma kimi əvvəlki müştəriləri geridə qoyacaq.
Xatırladaq ki, 2024-cü ilin fevralında Azərbaycan və Pakistan arasında JF-17C Blok-III təyyarələrinin və döyüş sursatlarının alınmasını, eləcə də şəxsi heyətə təlimlərin keçirilməsini nəzərədə tutan 1.6 milyard ABŞ dolları dəyərində müqavilənin imzalandığı ilə bağlı yerli və xarici mediada məlumat yayıldı.
Daha sonra 2024-cü il sentyabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Pakistanın “Pakistan Aeronautical Complex” və Çinin “Chengdu Aircraft Industry Corporation” (CAIC) şirkətlərinin birgə layihəsi olaraq hazırlanmış çoxməqsədli JF-17C Block-III təyyarələri Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olundu.
Bu ilin fevral ayında Pakistanın informasiya naziri Atta Tarar yerli TV-lərdən birinə müsahibəsində Azərbaycanın tezliklə Pakistandan JF-17 “Thunder” qırıcılarının ilk partiyasını təhvil alacağını bildirdi.
Son olaraq 2025-ci il 29 may tarixində Azərbaycan Müdafiə Nazirliyi Pakistanda Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup ixtisaslı mütəxəssisinin iştirakı ilə keçirilən kursun başa çatdığını və onların bu kursu uğurla tamamlayaraq Vətənə qayıtdıqlarını açıqladı.
Həmçinin bax: Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub