Azərbaycan Prezidenti Rusiya sülhməramlılarının fəaliyyətini qiymətləndirib
Sülhməramlıların fəaliyyətini qiymətləndirmək üçün hesab edirəm ki, biz daha geniş prizmadan yanaşmalıyıq və əlbəttə ki, qıcıq doğuran məqamlar az deyil.
“Poliqon” xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Prezident İlham Əliyev bildirib ki, eyni zamanda, onların müsbət funksiyalarını da qeyd etməmək ədalətsizlik olar: “Onlar indi önəmli funksiyanı yerinə yetirirlər. Eyni zamanda, onlar Kəlbəcər, Laçın rayonlarına bizim həm hərbçilərimizin, həm də yüklərin göndərilməsini və daşınmasını müşayiət edirlər və prinsipcə deyə bilərəm ki, mən onların ümumi fəaliyyətinə müsbət yanaşıram. Yəni, keçən il bir çox şeylərə aydınlıq gətirdi, çünki eyni zamanda, bizim Rusiya ilə əlaqələrimizdə yeni bir element yarandı, hansı ki, bu element yox idi.
Azərbaycan–Rusiya əlaqələri həmişə çox müsbət olub. Amma keçən il bu əlaqələr daha da dinamik olub və təmaslar daha çox olub, o cümlədən prezidentlər səviyyəsində, müxtəlif səviyyələrdə. Bu, bizim əlaqələrimiz üçün bir yenilik idi və bu yenilik ikitərəfli əlaqələrə problem yarada bilərdi, ya da ki, ikitərəfli əlaqələri gücləndirə bilərdi. Mən deyə bilərəm, artıq keçən ili, bu ili təhlil edərkən sülhməramlı missiyanın Azərbaycan tərəfdaşları ilə münasibətləri ikitərəfli əlaqələrə müsbət təsir göstərmişdir. Ona görə bunu biz bilməliyik, Azərbaycan vətəndaşları da bilməlidirlər”.