
Azərbaycan Slovakiyadan SAM-120 avtomatik minaatanları alır
Slovakiya və Azərbaycan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən “World Defence Show 2026” sərgisində “ZŤS Špeciál” dövlət şirkəti tərəfindən istehsal olunan SAM-120 avtomatik minaatanların alınması üçün 210 milyon avro dəyərində çərçivə müqaviləsi imzalayıb.
“Poliqon” “Pravda” qəzetinə istinadən xəbər verir ki, Slovakiyanın “ZŤS Špeciál” dövlət şirkəti bu çərçivə müqaviləsini Azərbaycanın dövlət şirkəti olan “İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC ilə bağlayıb.
Çərçivə müqaviləsi təxminən 300 ədəd minaatanın alınmasını nəzərdə tutur.
Hazırda müqavilənin ilk hissəsinin – 96 ədəd minaatanın razılaşdırıldığını bildirən Slovakiyanın müdafiə naziri Robert Kaliňák əlavə edib ki, Azərbaycan qalan hissə üçün seçim hüququna malikdir.
Nazirin sözlərinə görə, istehsal Dubnicada yerləşən zavod tərəfindən həyata keçiriləcək: “Slovakiya, Azərbaycan üçün istehsal olunacaq ilk nümunəni 2026-cı ilin payızında Bakı sərgisində (ADEX-2026) təqdim etməyi planlaşdırır. Eyni zamanda, Azərbaycanda bu vasitəni qismən və ya tamamilə istehsal etmək üçün lisenziya və imkanların transferi barədə də müzakirələr aparılacaq. Bu, “ZŤS Špeciál” tərəfindən son dövrlərdə bağlanmış ən böyük müqavilədir və çox güman ki, ümumilikdə də tarixdə ən böyükdür. Ümid edirik ki, bu, Slovakiyanın müdafiə sənayesinin özünə inamının artmasının başlanğıcı olacaq”.
Müdafiə naziri qeyd edib ki, çərçivə müqaviləsi Azərbaycan müdafiə sənayesi ilə əməkdaşlığı da təmsil edir.
“ZŤS Špeciál” tərəfindən Səudiyyə Ərəbistanındakı sərgidə nümayiş etdirilən SAM-120 minaatanı 120 mm-lik kalibrə malikdir. 35 ədəd mərmi tutumuna sahib minaatan sisteminin atış məsafəsi təxminən 8 km, atəş sürəti isə dəqiqədə 20 mərmidir. Ekipajı iki nəfərdən ibarətdir. Silah sistemi tamamilə kabinədən idarə olunur və kabinə zirehli olduğu üçün ekipaj qorunur. Tam avtomatlaşdırılmış sistemdir, lakin nasazlıq halında silahı əl ilə də yükləmək mümkündür. Şassi kimi hazırda 6×6 təkər formullu “Tatra” yük maşınından istifadə edilir.
SAM-120 minaatanı 2024-cü ilin may ayında təqdim olunub. O, düşmənin atəş mövqelərini, texnikasını və canlı qüvvəsini məhv etmək və susdurmaq üçün nəzərdə tutulub.






