
Azərbaycan-Türkiyə arasında müdafiə və müdafiə sənayesi sahələrində bir sıra sənədlər imzalanıb – YENİLƏNİB
Türkiyədə səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti IDEF-2025 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak edib.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan nümayəndə heyəti beynəlxalq sərgidə nümayiş etdirilən dünya üzrə müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib, onların rəhbər heyəti ilə görüşüb.
Keçirilən görüşlər zamanı hərbi-texniki sahədə əməkdaşlığın müxtəlif aspektləri, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sərgi çərçivəsində Azərbaycan müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov, Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC və Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC nümayəndələrinin iştirakı ilə bir sıra müqavilələr imzalanıb.
***
Azərbaycan Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Müdafiə Sənayesi Nazirliyinə tabe olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” və Müdafiə Nazirliyinə tabe olan “MİRAS Holdinq” ilə Türkiyə şirkətləri arasında müxtəlif müqavilə, Anlaşma Memorandumu və niyyət məktubları imzalanıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsi məlumat yayıb.
Bildirilib ki, Türkiyə Müdafiə Sənayesi Komitəsinin stendində imzalanan sənədlərin mübadilə mərasimi keçirilib.
“Türkiyə müdafiə sənayesi olaraq, hər zaman və hər şəraitdə Azərbaycan dövlətinin və xalqının yanında olmağa, “İki Dövlət, Bir Millət” şüarı ilə birlikdə istehsal və inkişaf etməyə əzmlə davam edirik.
Mübadilə edilən bu sənədlərin ölkəmiz və qardaş Azərbaycanımız üçün faydalı olmasına ümid edir, bütün iştirakçılara öz təşəkkürümüzü bildiririk”, – deyə məlumatda qeyd olunub.