Azərbaycan Türkiyədən 155 mm-lik “Fırtına” özüyeriyən haubitsaları ala bilər – ÖZƏL
Türkiyənin MKE (Makine ve Kimya Endüstrisi) şirkəti tərəfindən istehsal olunan 155 mm-lik “Fırtına” özüyeriyən haubitsaların Azərbaycana ixrac üçün yaranan mühərrik problemi aradan qaldırılıb.
Bu barədə MKE şirkətinin baş direktorunun müavini Arel Çağman POLİQON jurnalına müsahibəsində bildirib.
A.Çağmanın sözlərinə görə, 155 mm-lik “Fırtına” özüyeriyən haubitsalar artıq milli imkanlar hesabına hazırlanan mühərriklərlə təchiz edilir.
Qeyd edək ki, 155 mm-lik “Fırtına” özüyeriyən artilleriya qurğusunu (ÖAQ) 2011-ci ildən Azərbaycana tədarükü nəzərdə tutulsa da, mühərrik probleminə görə ÖAQ-ın ixracı alınmayıb. Çünki, “Fırtına” özüyeriyən artilleriya qurğusunun təchiz edildiyi MTU-881 KA 500 müəhərrikinin istehsalçısı olan Almaniyanın MTU şirkəti Azərbaycan-Ermənistan arasındakı münaqişəni əsas gətirərək bu haubitsaların satışını əngəlləyib.
Heyəti 5 nəfərdən ibarət olan “Fırtına” 155 mm çaplı L52 topuna və 12.7 mm çaplı pulemyota malikdir. Hərəkət halında 30 saniyə içində atəş hazırlığı vəziyyətinə gətirilə bilən “Fırtına” haubitsası 15 saniyə intervalla atəş açır. Artilleriya qurğusunun 40 km-dən uzaqlıqdakı məsafədəki hədəflərə atəş açmaq qabiliyyəti var.