
Azərbaycan Türkiyədən “Barkan” döyüş robotu almaq istəyir
Azərbaycan Türkiyənin HAVELSAN şirkətindən “Barkan” yerüstü döyüş robotu almaq istəyir.
“Poliqon” xəbər verir ki, bu barədə HAVELSAN şirkətinin İdarə Heyətinin sədri Hacı Ali Mantar “Anadolu Agentliyi”nə açıqlamasında deyib.
Hacı Ali Mantar bildirib ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə edilən “Barkan” döyüş robotunun xarici ölkələrə ixrac olunması ilə bağlı hazırda Azərbaycan, Malayziya, İndoneziya, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı, Pakistan və Ukrayna ilə danışıqlar gedir.
Həmçinin milli gəmilərin komanda nazarət və döyüş idarəetmə sistemlərinin HAVELSAN tərəfindən hazırlandığını vurğulayan Hacı Ali Mantar bu sahədə xarici ölkələr ilə də əməkdaşlığa başladıqlarını qeyd edib: “Xaricdə Azərbaycan, Ukrayna və Pakistanla müqavilələr imzalamışıq. Malayziya ilə danışıqlarımız davam edir. İndoneziya ilə 4-5 ədəd razılaşma əldə etdik. Qətərlə müqavilələr bağlamışıq. Oman və Birləşmiş Ərəb Əmirlikləri ilə də danışıqlar aparırıq. Bunların hamısı dəniz platformaları üçün olan döyüş idarəetmə və komanda nəzarət sistemləri ilə bağlıdır”.