
Azərbaycan və Latviya arasında minatəmizləmə üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycanda rəsmi səfərdə olan Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksi Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ilə görüşüb.
Bu barədə “Poliqon”a ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı iki ölkə arasında minatəmizləmə sahəsində mümkün əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparılıb.
ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov 2022-ci il üzrə tədbirlər planına əsasən müəyyən olunan prioritet layihələr üzrə fəaliyyətin gedişatı, mərhələli şəkildə minatəmizləmə əməliyyatlarına yeni müdavimlərin cəlb olunması, Beynəlxalq Minatəmizləmə Standardlarına uyğun keçirilən təlimlər, həmçinin süni intellekt texnologiyası vasitəsilə ərazilərin tədqiqatı barədə məlumat verib.
Nazir Artis Pabriksi işğaldan azad edilən ərazilərdə aparılan humanitar minatəmizləmə əməliyyatları, həmçinin ardıcıl olaraq infrastukturun bərpası istiqamətində görülən genişmiqyaslı işləri yüksək qiymətləndirib. Nazir Artis Pabriksi bildirib ki, qəbiristanlıqların minalanması məqsədyönlü şəkildə mülki əhaliyə qarşı edilən qeyri-insani əməllərin təzahürüdür.