TəhlükəsizlikXəbərlər
Azərbaycan və Slovakiya arasında məxfi məlumatın mübadiləsi ilə bağlı saziş imzalanıb

Slovakiya Respublikası Milli Təhlükəsizlik Agentliyinin direktoru Roman Koneçninin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub.
Bu barədə “Poliqon”a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevlə görüşüb, qarşılıqlı maraq doğuran bir sıra aktual məsələləri müzakirə ediblər.
Görüşün yekunu olaraq, ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in imzalanma mərasimi keçirilib.






