Azərbaycan yeni mexaniki minatəmizləmə maşınları alıb

Azərbaycan yeni mexaniki minatəmizləmə maşınları alıb

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad olunmuş rayonların piyada və tank əleyhinə minalardan təmizlənməsi üçün 4 ədəd yeni “GCS-200” mexaniki minatəmizləmə maşını alıb.

“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar ilə tanış olarkən məlumat verilib.

İsveçrənin “Global Clearance Solutions” (GCS) şirkəti tərəfindən istehsal olunan bu minatəmizləyən maşınların gövdəsi V şəklində dizyan edilib. “GCS-200” xüsusi kamera və uzaqdan idarəetmə sistemləri ilə təchiz olunub ki, bu da istifadəçiyə minalı əraziləri təhlükəsiz formada təmizləməsinə imkan verir. Çətin iqlim şəraitində belə işləyə bilən “GCS-200” minatəmizləmə maşınını dizel mühərrik hərəkətə gətirir.

Maşının konfiqurasiyasından və çalışma şəraitindən asılı olaraq uzaqdan idarə edilmə məsafəsi 300-3500 metr arasında dəyişir. Müxtəlif minatəmizləmə mexanizmləri ilə təchiz oluna bilən “GCS-200” texnikası 30.5-31.5 sm dərinliyində torpağa basdırılan piyada və tank əleyhinə minaları zərərsizləşdirmək qabiliyyətinə malikdir.

Poliqon.az

CATEGORIES
TAGS