Azərbaycana bu ay daha 13 ədəd MEMATT gətiriləcək

Azərbaycana bu ay daha 13 ədəd MEMATT gətiriləcək

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların təmizlənməsinin sürətləndirilməsi üçün Türkiyədən alınan MEMATT mexaniki minatəmizləmə maşınlarının növbəti partiyası ölkəyə gətiriləcək.

“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycan İdarələrarası Mərkəzinin minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupunun iclasında bildirilib.

İclasda humanitar minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə mexaniki minatəmizləmə maşınların sayının artırılmasından danışılıb. Bildirilib ki, bu il aprelin sonuna qədər 13 ədəd MEMATT maşınının təhvil alınması planlaşdırılıb.

Türkiyənin Milli Müdafiə Nazirliyinin tabeliyindəki ASFAT şirkəti tərəfindən istehsal olunan MEMATT mexaniki minatəmizləmə maşınları modulyar dizayna sahibdir. MEMATT maşınlarına müxtəlif trallar və mexanizmlər inteqrasiya oluna bilir. Detalları rahat şəkildə, sahədəcə dəyişdirilə bilən maşın 500 metr məsafədən radioəlaqə vasitəsi ilə idarə olunur.

4 km/saat sürətlə hərəkət edə bilən maşın müxtəlif ərazi şərtlərində istifadə oluna, 60% maililiyə malik yüksəkliklərə qalxa, 40% yana maili hərəkət edə bilir. 1700 mm genişliyində, 250 mm dərinlikdə təmizləmə həyata keçirən MEMATT mexaniki minatəmizləmə maşını 8 kq TNT partlayışına dözümlüdür.

Qeyd edək ki, MEMATT maşınları hazırda Azərbaycan Ordusu tərəfindən Qarabağ bölgəsindəki minaların təmizlənməsi işində fəal şəkildə istifadə olunur.

Poliqon.az

CATEGORIES
TAGS