Azərbaycana çatdırılan 13 ədəd MEMATT təkmilləşdirilmiş versiyadır – ÖZƏL

Azərbaycana çatdırılan 13 ədəd MEMATT təkmilləşdirilmiş versiyadır – ÖZƏL

Xəbər verdiyimiz kimi Türkiyənin Milli Müdafiə Nazirliyinə bağlı olan ASFAT şirkəti tərəfindən yerli və milli imkanlarla istehsal edilən 13 ədəd MEMATT mexaniki minatəmizləmə maşını Azərbaycanın Müdafiə Nazirliyinə təhvil verilib.

“Poliqon”un məlumatına görə, son partiya 13 ədəd MEMATT bundan əvvəl Azərbaycan Silahlı Qüvvələrinə çatdırılan 7 ədəd MEMATT minatəmizləmə texnikasından daha üstün imkanlara sahibdir.

Beləki, bundan əvvəl Türkiyə Silahlı Qüvvələrinə, o cümlədən Azərbaycan və Qərbi Afrika ölkəsi olan Burkina-Faso Respublikasına ixrac edilən MEMATT mexaniki minatəmizləmə maşınları müxtəlif tralların və mexanizmlərin inteqrasiya oluna bildiyi modulyar dizayna sahibdir. Detalları rahat şəkildə, sahədəcə dəyişdirilə bilən maşın 500 metr məsafədən radioəlaqə vasitəsi ilə idarə olunur. 4 km/saat sürətlə hərəkət edə bilən maşın müxtəlif ərazi şərtlərində istifadə oluna, 60% maililiyə malik yüksəkliklərə qalxa, 40% yana maili hərəkət edə bilir. 1700 mm genişliyində, 250 mm dərinlikdə təmizləmə həyata keçirən MEMATT mexaniki minatəmizləmə maşını 8 kq TNT partlayışına dözümlüdür.

ASFAT şirkətinin quru və hava layihələri üzrə direktoru Yasin Arslan POLİQON jurnalına açıqlamasında bildirib ki, MEMATT-ın əvvəlki partiya istehsalından sonra, təchizat üzərində bəzi təkmilləşdirmələr aparılıb.

“Əvvəlki MEMATT mexaniki minatəmizləmə maşınları 500 metrdən idarə edildiyi halda, hazırkı modeli 5 min metr məsafədən idarə etmək mümkündür. Bundan əlavə, texnikanın minatəmizləmə qabiliyyəti daha da artırılıb, mühərrik həcmi və gücü yüksəldilib, kamera sayı çoxaldılıb. Habelə, texnikanın idarəetmə ölçüsü optimallaşdırılıb”, – deyə Yasin Arslan vurğulayıb.

CATEGORIES
TAGS