
Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları təxmini çəkisi 33 kiloqram olan narkotik vasitənin, 314 ədəd psixotrop və güclü təsirli maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata əsasən, avqust ayının 17-də DSX-nın Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan ərazisinə hərəkət edən 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilib.
Bildirilib ki, sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucusu ərazidən qaçmağa çalışarkən saxlanılıb.
Saxlanılan şəxsin Beyləqan rayon sakini 1981-ci il təvəllüdlü Ağayev Vüsal Bayram oğlu olması müəyyənləşdirilmiş, onun əlindəki qara rəngli idman çantasına baxış zamanı içərisində təxmini çəkisi 33 kiloqram narkotik vasitəyə (25 kiloqram 340 qram “heroin”, 5 kiloqram 800 qram “metamfetamin”, 1 kiloqram 720 qram “marixuana”, 60 qram “tiryək”, 284 ədəd “metadon” M40 və 30 ədəd “preqabalin” dərman həbləri) oxşar maddələr aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.