Azərbaycanda mülki PUA-lar istehsal edilə biləcək
Azərbaycanda mülki pilotsuz uçuş aparatları (PUA) istehsal edilə biləcək.
“Poliqon” APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, mülki pilotsuz uçuş aparatı aşağıdakı tələblər nəzərə alınmaqla layihələndirilir və istehsal olunur:
– pilotsuz uçuş aparatı sistemləri əməliyyatının iştirakçısının, havada və yerdə olan pilotsuz uçuş aparatı sistemləri əməliyyatının iştirakçısı olmayan şəxslərin, o cümlədən mülkiyyətin təhlükəsizliyini təmin etməli;
– istənilən uçuş şəraitində yarana biləcək risklərə mütənasib davamlılıq nümayiş etdirməli;
– istismar olunduğu istənilən şəraitdə, həmçinin sistemlərin biri, yaxud bir neçəsində nasazlıq baş verdikdə, təhlükəsiz idarə edilə bilən və manevr qabiliyyətinə malik olmalı;
– onların mühərrikləri, pərləri, hissələri, quraşdırılmamış avadanlığı və məsafədən idarə edilməsi üçün avadanlığının bütün istismar şəraitlərində saz işləməsi, habelə hər hansı nasazlıq zamanı yerdə olan üçüncü şəxslərin və digər hava məkanı istifadəçilərinin təhlükəsizliyinə qarşı yarana biləcək riskləri azaltmalı;
– pilotsuz uçuş aparatını məsafədən idarə etmək üçün nəzərdə tutulmuş avadanlıqları ilə uçuş əməliyyatlarını asanlaşdırmalı, habelə ehtimal olunan hər hansı vəziyyət və fövqəladə halların idarə edilməsini mümkün etməli.
Layihə ilə mülki pilotsuz uçuş aparatı sistemlərinin istismarına dair ümumi tələblər də müəyyənləşib.
Mülki pilotsuz uçuş aparatının istismarına dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Mülki pilotsuz uçuş aparatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanı (qurumu) tərəfindən qeydiyyata alınacaq.
Mülki pilotsuz uçuş aparatının istismarçısı həyata keçirilən uçuş əməliyyatına görə cavabdehdir və əməliyyatın təhlükəsizliyini təmin etməlidir.
Mülki pilotsuz uçuş aparatı yalnız uçuşa yararlı vəziyyətdə olduqda, habelə uçuşun həyata keçirilməsi üçün müvafiq avadanlıqlar və komponentlər mövcud olduqda onun istismarına yol veriləcək.
Açıq məkanda həyata keçirilən pilotsuz uçuş aparatı sistemlərinin əməliyyatları xüsusiyyətlərindən və potensial olaraq yarada biləcək risklərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada kateqoriyalara bölünür.
Mülki pilotsuz uçuş aparatının sisteminin əməliyyat iştirakçıları, o cümlədən məsafədən idarə edən pilotlar (operatorlar) həyata keçiriləcək əməliyyatların təhlükəsizliyini təmin etmək üçün zəruri olan və bu əməliyyatlardan irəli gələn risklərə uyğun olan biliyə və bacarıqlara malik olmalıdır.
Uçuş əməliyyatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş pilotsuz uçuş aparatı sistemi istismarçısı sertifikatına və əməliyyat icazəsinə malik istismarçı tərəfindən həyata keçirilir.
Model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyaları fəaliyyət göstərmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) icazə alırlar.
Məsafədən idarə edən pilotlar (operatorlar) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) şəhadətnamə alırlar.
Nəzarət olunan hava məkanında və aerodromyanı ərazidə mülki pilotsuz uçuş aparatı sistemlərinin əməliyyatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı mərkəzin icazəsi ilə həyata keçirilir.
Məsafədən idarə edən pilot (operator) əməliyyatın dayandırılması və ya dəyişdirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılmış mərkəzin verdiyi göstərişi dərhal yerinə yetirir.
Mülki pilotsuz uçuş aparatı sisteminin istismarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron portalı vasitəsilə həyata keçirilir.