Azərbaycanda Türkiyənin Müdafiə Sənayesi Müşavirliyi yaradılacaq
Türkiyənin müdafiə sənayesindəki prioritetləri nəzərə alınaraq Azərbaycan da daxil olmaqla 9 ölkədə Türkiyə Müdafiə Sənayesi Başqanlığının (SSB) müşavirliyi yaradılacaq.
“Poliqon”un məlumatına görə, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb. Qərara əsasən Türkiyənin 9 ölkədəki səfirliyində Müdafiə Sənayesi Müşavirliyi heyəti yaradılacaq və təyinatlar olacaq.
SSB-nin müdafiə sənayesi üzrə müşavirləri Bakı/Azərbaycan, Doha/Qətər, İslamabad/Pakistan, Braziliya, Cakarta/İndoneziya, Kuala Lumpur/Malayziya, Maskat/Oman, Dəkkə/Banqladeş, London/İngiltərə səfirliklərində xidmət göstərəcəklər.
Türkiyə səfirliklərinin nəzdində fəaliyyət göstərəcək müşavirlər xidmətdə olduqları ölkə ilə SSB-nin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı diplomatiya fəaliyyətləri də həyata keçirəcək. Həmin ölkədə müdafiə sənayesinə aid məsələləri və bu istiqamətdə yer alan müvafiq qanunvericiliyi izləyəcək, qiymətləndirəcək, hesabat hazırlayacaq və nəticələri SSB-yə çatdıracaq.
Müşavir xidmət göstərdiyi ölkədə müdafiə sənayesi ilə bağlı keçirilən ikitərəfli və çoxtərəfli beynəlxalq toplantılarda və dövlət qurumlarının tədbirlərində SSB-ni təmsil edəcək və müdafiə sənayesi ilə bağlı strategiya və siyasətləri təqib edəcək, əlaqədar ölkə qurumları nəzdində müdafiə və təhlükəsizlik sahəsində Türkiyə ilə əlaqədar həyata keçiriləcək ixrac icazələri, lisenziyalar, hökumətin təsdiq etdiyi layihələri təqib edəcək, keçiriləcək tenderlər haqqında məlumat toplayacaq.
SSB-nin xarici müşavirləri xidmət göstərəcəyi ölkə ilə Türkiyənin birgə Ar-Ge, texnologiya əldə etmək, məhsul hazırlamaq, üçüncü ölkəyə ixrac etmək və oxşar əməkdaşlıq layihələrinin başladılmasına yönəlik imkanları araşdıracaq, iki ölkənin dövlət, özəl qurumları və şirkətləri arasında əlaqələrin və əməkdaşlığın inkişafına və gücləndirilməsinə töhfə verəcəkdir.
Müşavir həmçinin xidmət göstərəcəyi ölkənin Türkiyə ilə müdafiə sənayesi sahəsində imzalamış ikitərəfli sazişlərin, protokolların və anlaşma memorandumlarının icrasını izləyəcək, qiymətləndirəcək, müdafiə sahəsi ilə əlaqədar qanunvericilikdə SSB-yə həvalə edilən vəzifələri, xidmət göstərəcəyi ölkəni maraqlandıran məsələləri həyata keçirəcək, SSB ilə yanaşı, Türkiyəni təmsil edən nümayəndəlik və konsulluq rəhbərləri tərəfindən veriləcək digər vəzifələri yerinə yetirəcək.