Azərbaycanın “Akıncı” PUA-sı hədəfi SOM qanadlı raketilə vuracaq – FOTOLAR

Azərbaycanın “Akıncı” PUA-sı hədəfi SOM qanadlı raketilə vuracaq – FOTOLAR

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) silahlanmasına yeni qəbul edilən “Akıncı” hücum pilotsuz uçuş aparatları (PUA) “Roketsan” şirkətinin istehsalı olan SOM (Stand-off Mühimmat Seyir Füzesi) qanadlı raketləri ilə silahlandırılıb.

“Poliqon” xəbər verir ki, SOM qanadlı raketi fevralın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin HHQ-nin hərbi obyektlərini ziyarəti zamanı nümayiş olunub.

“Roketsan” şirkəti tərəfindən 2012-ci ildən etibarən seriyalı istehsal edilən SOM qanadlı raketləri “hava-yer” tipli döyüş sursatı ailəsidir. O, güclü şəkildə qorunan stasionar və hərəkət edən quru və dəniz hədəflərinə qarşı havadan zərbə endirilməsi üçün təyin edilib.

SOM raketi tələb olunan əməliyyat çevikliyini təmin etmək üçün modul quruluşa malikdir.

SOM döyüş sursatı ailəsi SOM-A, SOM-B1, SOM-B2 və SOM-J sursatlarından ibarətdir. SOM-C1 və SOM-C2 sursatları yerüstü və hərəkət edən hədəflər qarşı məlumat ötürmə xüsusiyyəti ilə hazırlanır. SOM raketləri 250 kilometrdən artıq məsafəni vura bilən və hədəfə dəqiqliklə çata bilən raket sistemidir. Raketin çəkisi modifikasiyadan asılı olaraq 600-650 kq arasında dəyişir. Döyüş başlığının çəkisi isə 230 kq-dır.

Turboreaktiv mühərriklə hərəkətə gətirilən SOM döyüş sursatının hədəfə tuşlanması ərazinin konturu boyunca korrelyasiya ilə (Terrain Reference Navigation (TRN) sistemi) GPS sistemi vasitəsilə həyata keçirilir. Düşmən GPS siqnallarını susduran zaman tuşlanmanın təmin edilməsi məqsədi ilə əlavə olaraq INS sistemi quraşdırılıb. Son mərhələdə tuşlama obyektin parametrlərini raketin yaddaşında saxlanılan parametrlərlə müqayisə edən infraqırmızı matrisdən istifadə etməklə həyata keçirilir. Raket, məhvetmənin lazımi effektivliyini təmin etmək üçün hədəfə müxtəlif bucaqlardan hücum etməyə proqramlaşdırıla bilər.

SOM raketinin tipik hədəflərinə düşmənin zenit-raket kompleksləri, açıqda yerləşən təyyarələri və helikopterləri, strateji obyektləri, hərbi gəmiləri, komanda-idarəetmə mərkəzləri, rabitə qovşaqları, təyyarə anqarları, bunkerləri və digər mühüm obyektləri aiddir.

Qeyd edək ki, Azərbaycan HHQ-nin “Akıncı” pilotsuz uçuş aparatının silahlanmasında SOM qanadlı raketilə yanaşı “Roketsan” istehsalı MAM-T mini ağıllı sursatı, “Teber” bombası, İHA-230  və “Çakır” qanadlı raketləri, o cümlədən ASELSAN şirkəti tərəfindən istehsal edilən “Tolun” miniatür bombası, LGK-82 bombası, habelə TÜBİTAK-SAGE və ASELSAN tərəfindən birgə hazırlanan HGK-82, HGK-84 həssas tuşlamalı aviasiya bombası və KGK-SİHA-82 qanadlı tuşlama dəsti ilə təchiz edilən aviasiya bombası, TÜBİTAK-SAGE mərkəzinin inkişaf etdirdiyi “Bozdoğan” və “Gökdoğan” “hava-hava” tipli raketlər nümayiş etdirilib.

CATEGORIES
TAGS