
Azərbaycanın amfibiya təyyarəsi Türkiyəyə yola salınıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin 3-cü qrupu 5 avqust səhər saatlarında Türkiyəyə yola düşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası, 1 ədəd “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 150 nəfər yanğınsöndürən daxildir.
Türkiyə və Azərbaycan yanğınsöndürənlərinin birgə səyi nəticəsində Türkiyənin Dənizli bölgəsində baş verən yanğınlar söndürülüb.
Nazirlikdən verilən məlumatda qeyd olunur ki, Marmaris ərazisində fəaliyyət göstərən yanğınsöndürənlərimizin səyi ilə bir çox istiqamətlərdə meşə yanğınlarının genişlənməsinin qarşısı alınıb. Hazırda FHN-in yanğınsöndürmə qüvvələri Marmaris şəhərinin Kavaklı, İlanlı və Çayhisar istiqamətində davam edən yanğın ocaqlarının söndürülməsi istiqamətində lazımi tədbirləri davam etdirirlər.