
Danılmaz faktdır ki, son illərdə əldə edilən uğurların əsas səbəbi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi xüsusi diqqətdir.
“Poliqon”un xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun ADEX-2026 sərgisinin iştirakçıları üçün POLİQON jurnalına açıqladığı müraciətdə deyilib.
Nazir bildirib ki, dünyanın ən yüksək texniki standartlarına cavab verən hərbi texnikalarının Azərbaycan Ordusunun arsenalına daxil edilməsi və şəxsi heyətin peşəkar hazırlığı dövlət başçısının birbaşa nəzarəti altında aparılan islahatlar sayəsində mərhələli şəkildə həyata keçirilir: “Qürurla bildirmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yüksək qayğısı, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın davamlı dəstəyi sayəsində ordumuzun silahlanmasında dünyada mövcud olan ən son texniki göstəricilər və rəqəmsal yeniliklər əsasında yaradılmış müasir silah-sursat və döyüş texnikası mövcuddur”.
Müdafiə nazirinin sözlərinə görə, Vətən müharibəsində və sonrakı əməliyyatlarda qazanılan qələbələr ordu quruculuğunda uğurla həyata keçirilən islahatların bariz nümunəsidir.
“Azərbaycanın hərbi sənaye kompleksinin imkanlarından danışarkən onu da qeyd etmək istərdim ki, ölkəmiz bu sahədə geniş potensiala malikdir. Müəssisələrimizdə dünya bazarında rəqabətədavamlı, mindən artıq çeşiddə müdafiə təyinatlı məhsul – silahlar, sursatlar, insansız sistemlər istehsal olunur. Eyni zamanda, zirehli texnika və aviasiya vasitələrinin əsaslı təmiri, modernləşdirilməsi uğurla yerinə yetirilir”, – deyə Zakir Həsənov vurğulayıb.





