Azərbaycanın müdafiə sənayesi naziri “Dubai Airshow-2025” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycanın müdafiə sənayesi naziri “Dubai Airshow-2025” sərgisində bir sıra görüşlər keçirib

Noyabrın 17-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində dünyanın nüfuzlu aerokosmik tədbirlərindən biri olan “Dubai Airshow 2025” 19-cu aviasiya sərgisi öz işinə başlayıb.

Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a bildirilib ki, sərgidə Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Əbu-Dabinin vəliəhdi Şeyx Xalid bin Məhəmməd Zayed Əl Nəhyanın qatıldığı açılış mərasimində iştirak edən nazir V.Mustafayev daha sonra sərgi pavilyonlarını gəzərək, dünyanın aparıcı müdafiə və aerokosmik sənaye şirkətlərinin təqdim etdiyi innovativ məhsullar və texnologiyalarla tanış olub.

Sərgi çərçivəsində nazir V.Mustafayev BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri Məhəmməd bin Mübarək Fadel Əl Mazrouei, Slovakiya Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak, Belarus Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantus, BƏƏ-nin Texnologiya İnnovasiya İnstitutunun, “Colt CZ Group” və “Aselsan” şirkətlərinin rəhbərliyi ilə görüşüb.

Görüşlər zamanı müdafiə sənayesi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər bu sahədə əlaqələrin genişləndirilməsinin qarşılıqlı maraqlara xidmət etdiyini bildirərək, birgə təşəbbüslərin reallaşdırılması ilə bağlı təkliflər haqda geniş fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, noyabrın 21-də başa çatacaq “Dubai Airshow-2025” sərgisində 200-dən çox hərbi, ticari və mülki təyyarələr, o cümlədən naviqasiya aparatları, müşahidə və kommunikasiya sistemləri, süni intellekt avadanlıqları, PUA-lar, kosmik texnologiyalar və s. nümayiş etdirilir.

CATEGORIES
TAGS