Azərbaycanın müdafiə sənayesi naziri Efiopiyada işgüzar səfərdədir

Azərbaycanın müdafiə sənayesi naziri Efiopiyada işgüzar səfərdədir

Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Efiopiyada işgüzar səfərdədir.

Müdafiə Sənayesi Nazirliyinin Məbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, nazir V.Mustafayev səfər çərçivəsində noyabrın 20-də Efiopiya Baş nazirinin müavini Temesgen Tiruneh və müdafiə naziri Aişə Məhəmməd ilə görüşüb.

Görüşlərdə nazir V.Mustafayev Azərbaycanın müdafiə sənayesi kompleksinin istehsal imkanları, yüksək texnologiyalara əsaslanan silah və hərbi təyinatlı məhsullar barədə ətraflı məlumat verib.

O, T.Tiruneh və A.Məhəmmədi 2026-cı ildə keçiriləcək “ADEX” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.

Qarşı tərəf öz növbəsində Efiopiyanın müdafiə sənayesi potensialı haqqında danışıb, iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın zəruriliyini vurğulayıb.

Müzakirələr zamanı qarşılıqlı səfərlərin artırılması, əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, təlim və təcrübə proqramlarının həyata keçirilməsi üzrə razılığa gəlinib, müdafiə sənayesi sahəsində əlaqələrin uzunmüddətli, faydalı əməkdaşlıq formatında davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Səmimi və konstruktiv mühitdə davam edən görüşlərdə maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

CATEGORIES