
Azərbaycanın müdafiə sənayesi naziri IDEF-2025 sərgisində bir sıra görüşlər keçirib
Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev İstanbul şəhərində keçirilən IDEF-2025 Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində iyulun 23-də Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüşüb.
Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a bildirilib ki, görüşdə iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi müdafiə sənayesi sahəsində də əməkdaşlığın yüksələn xətlə davam etdiyi qeyd edilib.
Azərbaycan və Türkiyənin müdafiə sənayesi müəssisələri arasında bir çox istiqamətlərdə uğurlu əlaqələrin qurulduğu vurğulanaraq, gələcəkdə birgə fəaliyyət sahələrinin daha da genişləndiriləcəyi diqqətə çatdırılıb.
Nazir V.Mustafayev, həmçinin Malayziyanın müdafiə naziri Dato Seri Haji Mohamed Khaled Nordin və Özbəkistanın Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyinin direktoru Mansurjon İbodullayev ilə görüşüb.
Görüşlərdə müdafiə sənayesi üzrə əməkdaşlıq imkanları, hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
Sərgi çərçivəsində Azərbaycan müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Qırğızıstan müdafiə nazirinin müavini Azizbek Baybalayevlə görüşüb.
Görüş zamanı beynəlxalq sərgilərdə fəal iştirakın əhəmiyyəti vurğulanıb, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, işgüzar səfərlərin təşkil edilməsi və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.