
“Vektor” Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərən yerli özəl müdafiə sənayesi şirkətləri ADEX-2026 – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində geniş məhsul çeşidi ilə təmsil olunub.
“Poliqon” xəbər verir ki, sərgidə qrupun tərkibindəki “VLand Systems”, “Azroksan”, SAMT və Q-STP şirkətləri tərəfindən müxtəlif müdafiə təyinatlı məhsullar nümayiş etdirilib.
“VLand Systems” MMC hərbi təyinatlı zirehli nəqliyyat vasitələri, avadanlıq və sistemlərin texnoloji transferi, layihələndirilməsi, istehsalı, təmiri və modernləşdirilməsi ilə məşğuldur. 200-dən çox əməkdaşı ilə hərbi və xüsusi təyinatlı tətbiqlər üzrə mühəndislik və texniki xidmətlər təqdim edən “Vland Systems” yaxın gələcəkdə əməkdaşlarının sayını 700 nəfərə çatdırmağı planlaşdırır. Sərgi çərçivəsində şirkət tərəfindən istehsal edilən 5 adda zirehli texnika nümayiş etdirilib.
“Azroksan” MMC 2022-ci ildə ROKETSAN şirkəti ilə birgə təsis edilmiş yerli müdafiə sənayesi müəsissəsidir. “Azroksan” müxtəlif çaplı idarəolunan və idarəolunmayan raketlərin istehsalı və ya yığımı üzrə fəaliyyət göstərir. Şirkət istehsal texnologiyalarını öyrənmək, tətbiq etmək və inkişaf etdirməklə raket sistemləri üzrə məhsul çeşidini və istehsal həcmini artırmağı, bununla da ölkənin müdafiə sənayesinin inkişafına töhfə verməyi hədəfləyir. Hazırda 150 nəfərə yaxın əməkdaşın çalışdığı “Azroksan” istehsal imkanlarının genişləndirilməsi ilə əlaqədar müəssisələrində mühəndis və texniki heyətin sayını 450 nəfərə qədər artırmağı hədəfləyir. ADEX-2026 çərçivəsində şirkətin yaxın gələcəkdə istehsal planında olan məhsulları təqdim olunub.
“SAMT” MMC 200 nəfərə yaxın heyəti ilə Azərbaycanda müdafiə təyinatlı məhsulların istehsalını planlaşdıran ilk iri özəl şirkətlərdən biridir. Təxminən 400-dən çox əməkdaşın çalışması hədəflənən şirkət müasir texnologiya və mühəndislik imkanlarından istifadə etməklə milli və beynəlxalq tələblərə cavab verən müdafiə məhsullarının hazırlanması və istehsalını həyata keçirir. Yerli hərbi-texniki potensialın gücləndirilməsinə və müzəffər Azərbaycan Ordusuna müasir standartlara cavab verən dayanıqlı sursat təminatının formalaşdırılmasına töhfə verəcək, eləcə də yüksək ixrac potensialına malik istehsal portfelinə daxil olan və yaxın gələcəkdə istehsal planında nəzərdə tutulan 155 mm çaplı artilleriya sursatları ADEX-2026-da sərgilənib.
“Q-STP” MMC Azərbaycan Ordusunu hərbi təyinatlı geyim və aksesuarlarla təmin edən, fərdi mühafizə vasitələri və işçi geyimləri kimi digər tekstil məhsullarının istehsalı və təchizatı ilə məşğul olan ixtisaslaşmış şirkətdir. Müasir texnoloji istehsal imkanlarına malik Q-STP 800-dən çox işçi heyəti ilə yerli istehsalın inkişafına və regionlarda məşğulluq imkanlarının artırılmasına töhfə verməklə yanaşı, fəaliyyətini beynəlxalq bazarlarda genişləndirməyi hədəfləyir.














