Azərbaycanla Böyük Britaniya arasında sərhəd təhlükəsizliyi barəsində fikir mübadiləsi aparılıb – FOTO
Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti Azərbaycana səfəri çərçivəsində 22 fevral tarixində Dövlət Sərhəd Xidməti (DSX) rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov tərəfindən qəbul edilib.
DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, görüşdə Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Birləşmiş Krallığın müvafiq qurumları arasında sərhəd təhlükəsizliyinin müxtəlif sahələrində həyata keçirilmiş əməkdaşlıq qeyd edilib, sərhəd mühafizəsi, o cümlədən dəniz təhlükəsizliyinin təmin edilməsi barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında 2020-ci ildə Vətən Müharibəsində qazanılmış parlaq Qələbə nəticəsində ölkənin ərazi bütövlüyünün bərpa olunduğu, işğaldan azad edilmiş ərazilərdə hazırda dövlət sərhədinin mühafizəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə məlumat verilib.
İkitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından bu kimi səfərlərin və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb, gələcəkdə qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.
Səfər müddətində qonaqlar Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-nəzarət, Gəmi İnşası və Təmiri mərkəzləri, eləcə də 2-ci dərəcəli sərhəd gözətçi gəmisinin texniki imkanları ilə tanış ediliblər.