Azərbaycanla Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Martın 30-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Silahlı Qüvvələr naziri, Böyük Britaniya parlamentinin üzvü Ceyms Hippinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qonaqları salamlayan müdafiə naziri iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olduğunu qeyd edib.
General-polkovnik Z.Həsənov Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən ərazilərdə görülən işlər, eyni zamanda, Qarabağ iqtisadi zonasında və Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətlə bağlı ətraflı məlumat verib.
Həmçinin nazir Birləşmiş Krallığın BMT-nin İnkişaf Proqramı çərçivəsində Azərbaycanda ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənərək zərərsizləşdirilməsi məqsədilə göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib.
Ceyms Hippi öz növbəsində iki ölkə arasında qarşılıqlı səfər və görüşlərin ikitərəfli əlaqələrin genişlənməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib.
Sonda hərbi sahədə əməkdaşlığın perspektivləri və digər mövzular ilə bağlı fikir mübadiləsi aparılıb.