“Azərkosmos” 18 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 48 ölkəsinə 18 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac olunub.
“Poliqon” xəbər verir ki, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yayımladığı “İxrac icmalı”nın dekabr sayında öz əksini tapıb.
Bildirilib ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. 2023-cü ilin noyabr ayında isə “Azərkosmos” dünyanın 44 ölkəsinə 1.8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2023-cü ilin yanvar-noyabr ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 5.2 milyon ABŞ dolları ilə Böyük Britaniya, 3.7 milyon ABŞ dolları ilə Lüksemburq, 1.5 milyon ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirlikləri, 959.4 min ABŞ dolları ilə Almaniya və 675.8 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.