“Azərkosmos” Qazaxıstan şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Azərbaycan Kosmik Agentliyi – “Azərkosmos”un nümayəndə heyəti 10-11 may tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “Kosmik texnologiyalar konfransı”na qatılıb.
Bu barədə “Poliqon”a “Azərkosmos”un mətbuat xidmətindən məlumat verilib.
Mərkəzi Asiya regionunda ilk dəfə keçirilən tədbirdə bölgənin kosmik agentliklərinin və beynəlxalq kosmik ictimaiyyətin nümayəndələri iştirak ediblər. Konfransda əsasən sürətlə böyüyən qlobal kosmik sənayenin imkanları, peyklər və onların tətbiq sahələri, kosmik sahədə innovasiyalar və bu sahəyə qoyulan investisiyalar barədə müzakirələr aparılıb.
“Azərkosmos”un sədri Saməddin Əsədov tədbirdə çıxış edərək Azərbaycan üçün kosmik sahənin əhəmiyyətindən, bu sahədə Azərbaycanın telekommunikasiya peyklərinin imkanları, o cümlədən “Azersky” peyki vasitəsilə kənd təsərrüfatı, ekologiya, turizm və bir sıra digər sahələrdə həyata keçirilən layihələrdən bəhs edib. Konfransda işğaldan azad olunmuş rayonlara qayıdış planına əsasən peyk resursları ilə ərazilərin infrastruktur və relyef faktorlarına uyğun aparılan monitorinq təhlilləri barədə iştirakçılara məlumat verilib.
Konfrans çərçivəsində “Azərkosmos” və Qazaxıstanın “Qarış Saparı” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Azərbaycan və Qazaxıstan arasında kosmik sahədə birgə layihələrin təşkil olunması və peyk resurslarının qarşılıqlı istifadəsinə dair razılıq əldə olunub.
Qeyd edək ki, “Qarış Saparı” şirkəti 2005-ci ildə Qazaxıstanın dövlət sərəncamına əsasən kosmik sahənin inkişaf etdirilməsi, kosmik əməliyyatların aparılması məqsədilə yaradılıb. Eyni zamanda, kosmik layihələr üçün texniki avadanlıqların istehsalı, orbitə buraxılması və bu kimi texnoloji proseslərin həyata keçirilməsi şirkətin fəaliyyət sahəsinə aiddir.
Panel müzakirələri ilə davam edən “Kosmik texnologiyalar konfransı”nın gündəliyində kosmik sənaye üzrə regional və beynəlxalq səviyyədə bazar tendensiyaları, bu sahənin gələcəkdə insanların rifahı üçün yaradacağı imkanlar öz əksini tapıb.
Həmçinin kosmik sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və bunun üçün yeni imkanların araşdırılmasının vacibliyi barədə fikir mübadiləsi aparılıb.