
“Azərkosmos” və “Geoinformasiya sistemləri” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Belarus Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən “Geoinformasiya sistemləri” müəssisəsinin nümayəndə heyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kosmik Agentliyinə (“Azərkosmos”) səfər edib.
Bu barədə “Poliqon” “Azərkosmos”a istinadən məlumat verib.
Səfər çərçivəsində qonaqlara “Azərkosmos”un fəaliyyəti, operatoru olduğu peyklər və Azərbaycanın kosmik proqramı haqqında məlumat verilib. Daha sonra qonaqlar “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi ilə tanış olublar.
Səfərin sonunda “Azərkosmos” və “Geoinformasiya sistemləri” müəssisəsi arasında Yer səthinin məsafədən müşahidə xidmətlərinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, “Geoinformasiya sistemləri” müəssisəsi və “Azərkosmos” qarşılıqlı formada məsafədən müşahidə peyklərindən əldə olunan təsvirləri müxtəlif tətbiq sahələrində istifadə edəcəklər.