“Azersky-2” yerin müşahidəsi peyki Azərbaycanda istehsal olunacaq

“Azersky-2” yerin müşahidəsi peyki Azərbaycanda istehsal olunacaq

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Azərkosmos və “Israel Aerospace Industries” (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

“Poliqon”un məlumatına görə, “Azersky-2” proqramı ölkədə Yer səthinin müşahidəsi sektorunda davamlılığı təmin etməklə yanaşı biznes baxımından da yeni səhifə açacaq, o cümlədən ölkəmizdə kosmik ekosistemin daha da inkışafına xidmət edəcəkdir.

Müqaviləyə əsasən “Azersky-2” proqramı çərçivəsində iki peyk hazırlanacaq. Bunlar yüksək ayırdetməli elektro-optik sensora malik müşahidə peykləri olacaq. Peyk qruplaşmasının ilk peykinin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınağı Azərbaycanlı mütəxəssislərin iştirakı ilə IAI tərəfindən aparılacaq.

İsrailli mütəxəssislər həmçinin, Azərbaycanda qurulacaq “Peyklərin inkişafı mərkəzi”nin layihələndirilməsində də Azərkosmosa dəstək verəcək. Azərbaycanlı mütəxəssislərin əldə etdiyi təcrübə isə ikinci peykin Azərbaycanda hazırlanmasına imkan verəcək.

Azərkosmosun İdarə Heyətinin sədri Saməddin Əsədov qeyd edib: “Bu layihə həm Azərkosmos, həm də ”İsrael Aerospace Industries” şirkəti üçün unikaldır və şübhəsiz ki, ölkələrimiz arasında kosmik sahədə əməkdaşlığın inkişafına töhfə verəcək. Əməkdaşlığımız ölkədə insan kapitalının, kosmik texnologiyaların inkişafında mühüm addım hesab edirəm.

“Israel Aerospace Industries” şirkəti olaraq biz. bu əməkdaşlığa əhəmiyyətli töhfələr verməyimizlə fəxr edir və ölkələrimizin qarşılıqlı səmərəli mənafeyi naminə tərəfdaşlığımızın daha da möhkəmlənməsinə sadiq qalacağıq”, deyə Boaz Levi İsrailin “Israel Aerospace Industries” şirkətinin prezidenti və baş icraçı direktoru bildirib.

IAI proqram çərçivəsində “Azersky-2” sisteminin idarəedilməsi və istismarı üzrə Azərbaycanda bütün lazımi yerüstü sistemləri təmin edəcək. Peykə nəzarət və peyk təsvirlərinin emal olunmasına dair yerli mütəxəssislərə təlim keçiriləcək. Peyklər 2026 və 2028-ci illərdə orbitə buraxılacaq. Peyki orbitə qaldıracaq daşıyıcı raket isə növbəti aylarda məlum olacaq. Azersky-2 proqramı ölkədə Yer səthinin müşahidəsi sektorunda davamlılığı təmin etməklə yanaşı biznes baxımından da yeni səhifə açacaq.

CATEGORIES
TAGS