
AzTU ilə Sənaye və İnnovasiyalar üzrə BDPTM arasında əməkdaşlıq əlaqələri genişlənir
Azərbaycan Texniki Universiteti ilə (AzTU) Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin (BDPTM) nümayəndələri arasında onlayn görüş keçirilib.
Azərbaycan Texniki Universitetinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, görüşdə iki müəssisə arasında bağlanmış razılaşma çərçivəsində subbakalavr təhsil pilləsi aid olan İKT və avtomobil istiqamətlərinə dair ixtisaslar üzrə işçi qrupunun yaradılması müzakirə olunub.
Həmçinin yaradılacaq işçi qrupları tərəfindən müvafiq ixtisaslar üzrə tədris planı və proqramlarının hazırlanması, kadr hazırlığı və qısamüddətli təlim kurslarının təşkili istiqamətində işlər görülməsi planlaşdırılıb.
Müzakirələr zamanı tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən universitet tələbələrinin gələcəkdə Peşə Təhsil Mərkəzində təcrübə proqramlarına da qatılması nəzərdə tutulur.
Əməkdaşlıq çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin subbakalavr pilləsinin məzunlarının AzTU-da təhsillərini davam etdirmələri üçün imkan yaradılacağı qeyd olunub. Hər iki təhsilverən müəssisə arasında qarşılıqlı əməkdaşlıq üzrə işlərin davam etdiriləcəyi barədə də fikir mübadiləsi aparılıb.