
AzTU-nun rektoru Almaniyada ikili diplom müqaviləsi imzalayıb
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın Brandenburq Texniki Universitetində (BTU) səfərdədir.
Azərbaycan Texniki Universitetinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, səfər çərçivəsində magistratura səviyyəsində maşınqayırma mühəndisliyi və metallurgiya mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramı haqqında müqavilə imzalanıb.
Müqaviləni AzTU-nun rektoru, professor Vilayət Vəliyev və BTU-nun prezidenti, professor Gezine Grande imzalayıblar.
İmzalanma mərasimindən sonra AzTU-nun rektoru Vilayət Vəliyev və BTU-nun prezidenti Gezine Grande müqavilənin 10 ildən artıq davam edən əməkdaşlığın nəticəsi olduğunu bildiriblər.
Sənədin hər iki ali təhsil müəssisəsi üçün faydalı olacağı vurğulanıb, iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.
Daha sonra nümayəndə heyəti universitetin kampusu və laboratoriyaları ilə tanış olub. Həmçinin AzTU-nun məzunları olan, BTU-da magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələrin tədqiqat hesabatları dinlənilib və perspektiv imkanlar barədə müzakirələr aparılıb.
Nümayəndə heyətinin səfəri davam edir.