AzTU-nun rektoru TEKNOFEST-2023-ün açılış mərasimində iştirak edib

AzTU-nun rektoru TEKNOFEST-2023-ün açılış mərasimində iştirak edib

İstanbul Atatürk Hava Limanında Türkiyədə milli texnologiyanın inkişafında mühüm rol oynayan bir çox təşkilatın tərəfdaşlığı, “Teknoloji Takımı Vakfı” (T3 Vakfı) və Sənaye və Texnologiya Nazirliyinin təşkilatçılığı ilə TEKNOFEST-2023 festivalının açılış mərasimi keçirilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, AzTU-nun rektoru Vilayət Vəliyev və maliyyə-təsərrüfat işləri üzrə prorektor Rəşad Əliyev açılış mərasimində iştirak edib.

Açılış mərasimində çıxış edən “Baykar” şirkətinin texnoloji lideri, TEKNOFEST İdarə Heyətinin və “Teknoloji Takımı Vakfı”nın (T3 Vakfı) Qəyyumlar Şurasının sədriAzTU-nun fəxri doktoru Selçuk Bayraktar deyib: “İnkişaf etdirdiyimiz texnologiyalar yalnız bəşəriyyətə fayda verdikdə önəm qazanır. İnanıram ki, gənc qardaşlarımız TEKNOFEST çərçivəsində zəlzələ və fəlakətlərə həll yolları təklif edən texnologiyaları daha da inkişaf etdirəcəklər və inşallah, sabahımız daha da təhlükəsiz olacaq. TEKNOFEST dünəndən bu günə qədər beyinlərdə başlayan səssiz bir inqilabın adı oldu. Bu səssiz inqilabın dalğaları ildən-ilə genişlənir”.

Selçuk Bayraktar qeyd edib ki, 2018-ci ildə ilk TEKNOFEST festivalı başlayarkən texnologiya yarışlarına qatılmaq üçün 20 min gənc müraciət etmişdi. İndi isə onların sayı bir milyonu ötüb.

Açılış mərasimində sənaye və texnologiya naziri Mustafa Varank, müdafiə sənayesi naziri İsmayil Demir və başqaları çıxış ediblər. Çıxışlarda Türkiyənin texnologiyalar sahəsində qazandığı uğurlardan bəhs olunub.

Festival çərçivəsində AzTU-nun rektoru Vilayət Vəliyev Türkiyənin TEKNOFEST-də iştirak edən aparıcı universitetlərinin rəhbərliyi və professor-müəllim heyəti ilə görüşüb.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan festivalda 200 kvadratmetr ərazini əhatə edən milli pavilyonla təmsil olunur. Festivalda AzTU-nu Energetika və avtomatika fakültəsinin 2-ci kurs tələbəsi Cəbrayıl Babayev öz layihəsi ilə iştirak edir.

Poliqon.az

CATEGORIES
TAGS