Bakı məktəbində Vətən uğrunda şəhid olan hərbi qulluqçuların xatirəsi anılıb

Bakı məktəbində Vətən uğrunda şəhid olan hərbi qulluqçuların xatirəsi anılıb

27 Sentyabr – Anım Günü münasibətilə orta məktəblərdə də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarının azadlığı uğrunda şəhid olanların xatirəsi yad edilib, şagirdlər tərəfindən Vətən müharibəsi şəhidlərinin məzarları və ailələri ziyarət olunub.

“Poliqon” xəbər verir ki, bu ərəfədə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Tahir Firuzoğlu Hacıyev adına 252 №li məktəb-liseyin sinif otaqlarına şəhidlərin adı verilib.

Sınif otağına adı verilən şəhidlərimizdən biri də Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan leytenant Məmmədov Elcan Zöhrab oğludur. Bu gün E.Məmmədovun adını daşıdığı 4ə sinifinin şagirdləri və onların valideynləri şəhidin məzarını və ailəsini ziyarət ediblər.

Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsi şəhidi Elcan Məmmədov 1989-cu il avqustun 9-da Tərtər şəhərində Zöhrab və Sahilə Məmmədovların ailəsində anadan olub. O, 1996-2007-ci illərdə Sabunçu rayonunda N. Rzayev adına 169 nömrəli tam orta məktəbdə, 2007-2010-cu illərdə isə Azərbaycan Texniki Universitetində “Maşınqayırma” üzrə ali təhsil alıb.

Elcan Məmmədov 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. Daha sonra 2018-ci ildə Silahlı Qüvvələrin TTM-də üçaylıq təlimlərdə olub və “leytenant” hərbi rütbəsi alıb. 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində, 2020-ci ildən isə Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edib.

Elcan Məmmədov 2020-ci ilin 12-15 iyulunda Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində baş verən Tovuz döyüşlərində savaşıb.

O, 2020-ci il sentyabrın 27-də başalayan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elcan Məmmədov sentyabrın 27-də Talış döyüşləri zamanı şəhid olub. Şəhid leytenant Ramana qəsəbəsində dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Elcan Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

CATEGORIES