Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin üçtərəfli görüşü keçirilib – VİDEO

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin üçtərəfli görüşü keçirilib – VİDEO

Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalanan müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən, Milli Müdafiə Universitetində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin üçtərəfli görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev aparılan qarşılıqlı müzakirə və təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Hər üç ölkə arasındakı sıx əməkdaşlığın regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət etdiyini qeyd edən general-leytenant H.Piriyev bu cür görüşlərin hərbi təhsil müəssisələrinin professor, zabit və müəllim heyətləri arasında dostluğun daha da möhkəmləndirilməsinə mühüm təkan verəcəyinə əminliyini bildirib.

Türkiyə Quru Qoşunları Məktəbinin rəisi general-mayor Gültekin Yaralı və Gürcüstan Milli Müdafiə Akademiyasının rektoru briqada generalı Mamia Balaxadze bu cür görüşlərin keçirilməsinin hərbi təhsil müəssisələri arasında təcrübə mübadiləsinin, birgə proqramların, layihələrin reallaşdırılmasına layiqli töhfələr verəcəyini vurğulayıblar.

Sonra türkiyəli və gürcüstanlı nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.

Hərbi institutda görüş keçirilib. Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Fizuli Salahov qonaqlarla hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edib. Xüsusi təyinatlı təhsil müəssisəsinin tarixi və fəaliyyəti barədə brifinq təqdim olunub.

Daha sonra nümayəndə heyətləri təhsil müəssisəsinin ərazisi, tədris korpusları, maddi-texniki bazası, həmçinin burada kursantlar üçün yaradılan şəraitlə tanış olub və keçirilən tədris prosesini izləyiblər.

Poliqon.az

CATEGORIES