Bakıda Dənizkənarı bulvar ərazisində təyyarələrin və helokpterlərin sınaq uçuşları keçirilir

Bakıda Dənizkənarı bulvar ərazisində təyyarələrin və helokpterlərin sınaq uçuşları keçirilir

“TEKNOFEST Azərbaycan” festivala hazırlıq çərçivəsində Dənizkənarı bulvar ərazisində təyyarələrin və helikopterlərin sınaq uçuşları keçirilir.

“Poliqon”un məlumatına görə, Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcıları – “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan təyyarələr Bakı səmasında məşq edib.

Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev “TEKNOFEST Azərbaycan” festivalının keçiriləcəyi əraziyə baş çəkib, Nazirliyin HHQ-nin festivalda nümayiş etdiriləcək texnikalarına baxış keçirib. Kərim Vəliyev həmçinin “Bayraktar TB2” və “Akıncı” pilotsuz uçuş aparatlarının yerləşdiyi pavilyonları ziyarət edib.

Xatırladaq ki, Türkiyədən kənarda ilk dəfə Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək TEKNOFEST festivalının təşkilatçıları “Türkiyə Texnologiya Komandası” – T3 Fondu, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyənin Sənaye və Texnologiya Nazirliyidir.

Azərbaycan ilk dəfə 2021-ci ildə TEKNOFEST Aviasiya, Kosmos və Texnologiya Festivalında iştirak edib. Festivalın sərgi hissəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qurulmuş Azərbaycan Milli Pavilyonunda 11 yerli şirkət və startapın məhsul və həlləri nümayiş olunub, həmçinin ölkəmizin yerli istehsalı olan pilotsuz uçuş aparatları sərgilənib. Tədbir çərçivəsində təşkil olunan hava şoularında Azərbaycan HHQ-nin pilotları MiQ-29 döyüş təyyarələri ilə solo pilotaj uçuşları həyata keçiriblər.

Qeyd edək ki, “Poliqon” jurnalı “TEKNOFEST Azərbaycan” festivalının media tərəfdaşı qismində çıxış edir.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş