Bakıda “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda noyabrın 28-də başlayan “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq texniki konfrans bu gün də davam edib.

“Poliqon” xəbər verir ki, iki gün davam edən texniki konfransın keçirilməsində məqsəd Azərbaycanın mövcud mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində qlobal innovativ texnologiyaların nümayiş olunması və bu sahədə beynəlxalq tərəfdaşlığın gücləndirilməsidir.

Azərbaycanın ev sahibliyi etdiyi 2-ci beynəlxalq texniki konfransda, dünyanın 25 ölkəsindən minatəmizləmə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, əməliyyat və istehsalçı şirkətlərin 100-dən yuxarı nümayəndəsi, eləcə də hökumət rəsmiləri, dövlət qurumları və ölkəmizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edib.

Noyabrın 29-da keçirilən konfransda, yerli və xarici dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə gender bərabərliyi və mina qurbanlarına yardım sahəsində qabaqcıl təcrübələr, Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə istiqamətində müasir texnologiyaların tətbiqi mövzularında panel müzakirələri olub. Habelə, iştirakçı qurumların müvafiq prezentasiyaları təqdim edilib.

Tədbir çərçivəsində əməliyyatçı qurumların və istehsalçı şirkətlərin məhsullarından ibarət sərgi nümayiş olunub. Sərgidə ANAMA-nın minatəmizləmə əməliyyatlarında istifadə etdiyi avadanlıqlar, Azərbaycanın “Importex Industries” şirkəti tərəfindən istehsal olunan “Revival P” və “Revival T” mexaniki minatəmizləmə maşınları, İtaliyanın “FAE Group” şirkətinin PT-300 D minatəmizləmə maşını, eləcə də Xorvatiyanın DOK-ING şikərtinin MV-2 “Honey Badger”, MV-4 “Scorpion” və MV-10 “Bison” minatəmizləmə maşınları ziyarətçilərə təqdim olunub.

CATEGORIES
TAGS